İspaniya İtaliya səfirini XİN-ə çağırdı: Şengen qalmaqalı böyüyür

İspaniya hökuməti İtaliyanın Şengen sazişinin dayandırılması ilə bağlı bəyanatından sonra bu ölkənin səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Referans MEDİA xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares italiyalı həmkarı Antonio Tayaninin miqrasiya böhranı səbəbindən İspaniya ilə Şengen Sazişinin dayandırılmasını dəstəkləyən açıqlamasını sərt tənqid edib.

Albares bildirib ki, Tayaninin bəyanatı "dost və tərəfdaş ölkənin xarici işlər nazirinə yaraşmayan açıqlamadır" və Avropa həmrəyliyi prinsiplərinə ziddir.

"Bu cür bəyanat tərəfdaş və dost ölkənin xarici işlər nazirinə yaraşmır. Biz onlardan Avropa həmrəyliyi gözləyirik. Bu səbəbdən İtaliyanın səfirini nazirliyə çağırmışam", – deyə Albares "X" sosial şəbəkəsində yazıb.

Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Mərakeşdən İspaniyanın Seuta muxtar şəhərinə miqrant axını Avropanın ümumi təhlükəsizliyi üçün risk yaradır və buna görə də İspaniya ilə Şengen rejiminin müvəqqəti dayandırılması nəzərdən keçirilə bilər.

İspaniya mətbuatının məlumatına görə, son bir həftə ərzində 1 500-dən çox miqrant üzərək və ya piyada Mərakeşdən Seutaya keçib. Bəzi mənbələr isə şəhərə daxil olanların sayının 20 min nəfərə çata biləcəyini iddia edir.

Rəsmi qurumlar hələlik dəqiq rəqəmləri təsdiqləməyiblər. Miqrasiya böhranı fonunda İspaniya hökuməti təhlükəsizliyin təmin olunması üçün Seutaya hərbi qüvvələr göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki