Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənarda Rusiyanın təqdim etdiyi qaz qiymətlərinə bənzər şərtlər əldə edə bilməz.
Nazir bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanın Rusiya ilə iqtisadi və siyasi münasibətlərə alternativlər axtardığını deməsinə münasibət bildirərkən səsləndirib.
Reşetnikovun sözlərinə görə, Aİİ təkcə Ermənistan üçün əsas ixrac bazarı deyil, eyni zamanda ölkə iqtisadiyyatı üçün zəruri resursların başlıca təchizatçısıdır.
O qeyd edib ki, Aİİ-nin vahid qaz bazarı çərçivəsində Rusiya Ermənistana təbii qazı hər 1000 kubmetr üçün 177,5 dollar qiymətinə satır.
Nazir vurğulayıb ki, hazırda Avropada qazın qiyməti hər 1000 kubmetr üçün 600 dolları ötür və bu baxımdan Rusiyanın Ermənistana təqdim etdiyi qiymət faktiki olaraq illik təxminən 1 milyard dollar həcmində subsidiya deməkdir.
"Çətin ki, İttifaqdan kənarda hər hansı tərəf Ermənistana belə əlverişli şərtlər təklif edə bilsin", – deyə Reşetnikov əlavə edib.
