Toyota dünyanın ən çox avtomobil satan markası adını qorudu

Toyota Motor 2026-cı ilin yanvar-iyun aylarında qlobal bazarda 5,39 milyon avtomobil sataraq dünyanın ən çox avtomobil satan markası titulunu ardıcıl 7-ci dəfə qoruyub.

Şirkətin açıqladığı maliyyə hesabatına əsasən, Toyota qrupunun 1 yanvar – 30 iyun tarixlərini əhatə edən qlobal avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalaraq 5,39 milyon ədəd təşkil edib.

Bununla belə, Yaponiya istehsalçısı ən yaxın rəqibi Volkswagen AG-ni geridə qoyaraq ilin ilk yarısında da qlobal satış liderliyini əlində saxlayıb.

Toyota-nın Yaponiya daxilində satışları 4,4 faiz artaraq 1,1 milyon avtomobilə yüksəlib. Xarici bazarlarda isə satışlar 4,5 faiz azalaraq 4,3 milyon ədəd olub.

Şirkətin altı aylıq satış göstəriciləri ABŞ-da 0,9 faiz artıb, Çində 17,1 faiz, Yaxın Şərqdə isə 21,6 faiz azalıb.

Bu arada, Volkswagen AG-nin 2026-cı ilin yanvar-iyun aylarında qlobal avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalaraq 4,13 milyon ədəd təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki