ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın və Qəzza zolağındakı digər silahlı qrupların tam tərksilahı ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
Referans MEDİA xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ prezidenti bildirib ki, əldə olunan razılaşma HƏMAS-la yanaşı, Qəzza zolağında fəaliyyət göstərən bütün digər silahlı qrupların da tam tərksilahını nəzərdə tutur.
"Bu gün Sülh Şurası HƏMAS-ın və Qəzzadakı bütün digər silahlı qrupların tam tərksilahı ilə bağlı tarixi razılıq əldə etdi. Bu, uzunmüddətli sülh və təhlükəsizlik istiqamətində mühüm addımdır", – deyə Tramp qeyd edib.
O, həmçinin vasitəçilik prosesində iştirak edən Misir, Qətər və Türkiyəyə göstərdikləri səylərə görə təşəkkür edib.
Tramp əlavə edib ki, ABŞ nümayəndə heyətinin fasiləsiz fəaliyyəti bu razılaşmanın əldə olunmasında mühüm rol oynayıb.
Qeyd edək ki, Trampın bəyanatında razılaşmanın icra mexanizmi, vaxt cədvəli və HƏMAS tərəfindən rəsmi təsdiqin olub-olmaması barədə əlavə məlumat verilməyib.
