ABŞ Prezidenti Donald Tramp tərkibində bərpa oluna bilən kritik xammallar olan sənaye və elektron tullantılarının ixracının məhdudlaşdırılmasına imkan verən fərman imzalayıb.
Referans MEDİA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunan sənədlərdə bildirilib.
Sənəddə qeyd olunur ki, xüsusilə litium-ion batareyalar və maqnitlər kimi məhsulların təkrar emalı nəticəsində nadir torpaq elementləri də daxil olmaqla iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyan qiymətli xammalları yenidən əldə etmək mümkündür.
Fərmana əsasən, ABŞ Ticarət Nazirliyi hansı hallarda bu cür tullantıların ixracının məhdudlaşdırılmasının məqsədəuyğun olduğunu müəyyənləşdirməli və həmin materialların ölkə daxilində emal olunmasını təmin edəcək mexanizmlər hazırlamalıdır.
Qərarın məqsədi ABŞ-ın kritik xammal ehtiyatlarını qorumaq, təkrar emal imkanlarını genişləndirmək və strateji resurslardan xarici asılılığı azaltmaqdır.
