İstanbul Valiliyi, artan meşə yanğını riski səbəbilə şəhər üzrə əlavə təhlükəsizlik tədbirləri tətbiq edib.
Referans Media xəbər verir ki, qərara əsasən, atəşfəşanlıq, alovlar, məşəllər və digər patlayıcı-yanıcı maddələrin satışı və istifadəsi müəyyən tarix aralığında qadağan edilib.
Valilikdən verilən rəsmi açıqlamada bildirilib ki, qadağa 16 iyul 2026-cı ildən 28 oktyabr 2026-cı ilə qədər qüvvədə olacaq. Bu addımın əsas məqsədi yay aylarında artan meşə yanğınlarının qarşısını almaqdır.
Eyni zamanda İstanbulda meşəlik ərazilərə giriş qadağasının da əvvəlki qərara uyğun olaraq 8 iyun – 15 oktyabr 2026 tarixləri arasında davam etdiyi xatırladılıb.
Rəsmilər vətəndaşlardan qəbul edilən qərarlara ciddi əməl etmələrini və xüsusilə riskli dövrlərdə diqqətli olmalarını xahiş edib.
