Son günlər havaların nisbətən sərin keçməsi və dəniz mövsümünün tam canlanmaması ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. Bəs yaxın günlərdə hava necə olacaq? Havanın daha da istiləşməsi gözlənilirmi?
Referans Media-ya danışan ekoloq Qorxmaz İbrahimov bildirib ki, yaxın günlərdə anomal istilər gözlənilmir və hava mövsümə uyğun keçəcək.
Onun sözlərinə görə, artıq yay fəslinin ikinci ayı başlayıb və hava tədricən istiləşir.
"Bildiyiniz kimi, artıq iyul ayındayıq, yay fəslinin ikinci ayını yaşayırıq. Havalar artıq isinib və burada anomal istilər olmayacaq. Mövsümə uyğun olaraq yay fəslindəyik və ümid edirəm ki, insanlar bu yayı doyunca yaşayacaqlar."
Ekoloq qeyd edib ki, yaz ayları nisbətən sərin və yağıntılı keçsə də, iyul ayında temperatur normaya uyğun olacaq.
"Baharımız bir qədər yağıntılı və sərin keçdi. İyul ayı isə normal olacaq. Hətta bəzi günlərdə temperatur normadan bir qədər yüksək olsa da, narahat olmağa əsas yoxdur. Yayın öz gözəlliyi var, günəşdən və istidən faydalanmaq, dənizə getmək lazımdır."
Qorxmaz İbrahimov bildirib ki, havaların sərin keçməsi səbəbindən dənizkənarı istirahət obyektləri əvvəlki ay istənilən gəliri əldə edə bilməyib.
"Dəniz mövsümü artıq başlayıb. Lakin dənizkənarı kafe və restoranlar, eləcə də həmin sahədə çalışan sahibkarlar ötən ay gözlədikləri qazancı əldə edə bilmədilər. Ümid edirik ki, bu ay vəziyyət yaxşılaşacaq."
Ekoloqun sözlərinə görə, bu il havaların nisbətən sərin keçməsi müəyyən mənada iqlim dəyişikliyi ilə əlaqəli olsa da, bu cür dəyişikliklər təbiətin normal proseslərindən biridir.
"İqlim dəyişikliklərinin müəyyən təsiri olsa da, təbiətdə belə hadisələr həmişə baş verib. Dünya tarixində böyük və kiçik buzlaşma dövrləri, istiləşmə mərhələləri, zəlzələlər və daşqınlar yaşanıb. Bu proseslər bu gün də davam edir və onların qarşısını tam almaq mümkün deyil."
Qorxmaz İbrahimov hesab edir ki, insanların əsas vəzifəsi təbiəti qorumaqdır.
"Bizim üzərimizə düşən əsas məsələ ətraf mühiti sevmək, yaşıllıqları qorumaq və artırmaq, meşələri yandırmamaq, tullantıları, xüsusilə plastikləri təbiətə və dənizə atmamaqdır. Təbiətdə insanlardan başqa canlıların da yaşadığını qəbul etməli və onlarla birgə yaşamağı öyrənməliyik."
Ekoloq vurğulayıb ki, heyvanlara və quşlara qarşı qayğıkeş münasibət göstərilməsi ekosistemin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
"Quşlar təbiətin qoruyucularıdır və ekosistemin ayrılmaz hissəsidir. Daha maarifli və mədəni cəmiyyət formalaşdırmalı, xüsusilə uşaqlara təbiəti, insanları və dövlətimizi sevməyi aşılamalıyıq. İnsanlara xarici görünüşünə görə deyil, insanlığına görə qiymət verməyi bacarmalıyıq. Bunlara əməl etsək, həm yay aylarını daha rahat keçirərik, həm də təbiəti gələcək nəsillər üçün qoruya bilərik."
Gülnaz Abdullazadə
