Kim Çen Indan Putinə mühüm mesaj: İki ölkə arasında əməkdaşlıq daha da genişlənəcək

Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Vladimir Putinə göndərdiyi təbrik məktubunda Moskva ilə münasibətlərin daha da möhkəmləndiriləcəyini bəyan edib.

Referans Media xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı məlumata görə, Kim Çen In Rusiyanın dövlət bayramı münasibətilə Putinə təbrik məktubu ünvanlayıb.

Məktubda iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Kim qeyd edib ki, tərəflər arasında əməkdaşlıq ötən il imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişi çərçivəsində inkişaf etməyə davam edir.

Şimali Koreya lideri ölkəsinin Rusiyaya münasibətinin dəyişməz olduğunu bildirib.

“Rusiyanın yanında olmaq və Moskvanın daxili və xarici siyasətini tam dəstəkləmək Şimali Koreyanın dəyişməz mövqeyidir”, – deyə Kim məktubunda vurğulayıb.

Kim Çen In iki ölkə arasında strateji əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini bildirib və tərəfdaşlığın yeni səviyyəyə yüksələcəyinə inandığını ifadə edib.

Məlumata görə, məktub Şin Honq Çol tərəfindən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinə təqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki