Ölkə daxilində ərzaq məhsullarının qiymətlərində müşahidə olunan dəyişikliklər hər zaman ictimaiyyətin diqqət mərkəzində olub. Son günlər isə istehlak bazarında ən çox müzakirə edilən məhsullardan biri yumurtadır. Belə ki, əvvəllər daha münasib qiymətə satılan kənd və broyler yumurtalarının qiymətində nəzərəçarpacaq dərəcədə bahalaşma qeydə alınıb. Əhalinin gündəlik təlabat malları arasında vacib yer tutan bu məhsulun qiymət artımı alıcıların haqlı narazılığına səbəb olur. Ənənəvi olaraq qış aylarında baş verən bu cür qiymət artımlarının bu il daha erkən özünü büruzə verməsi isə ciddi suallar doğurur.
Vətəndaşlar qarşıdakı aylarda yumurtanın daha baha olub-olmayacağı ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Mövcud vəziyyətin yaranmasının arxasında müxtəlif iqtisadi və sosial amillər dayanır.
Referans Media xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli qiymət artımının əsas səbəblərini təhlil edib.
Natiq Cəfərlinin sözlərinə görə, kənd yumurtasının bahalaşması birbaşa istehsalla əlaqədardır:
"Kənd yerlərində əhali azalır, hamı şəhərə köçür, toyuq saxlayanların sayı azalır. Bütün bunlar, yəni kənd təsərrüfatında çalışanların və kənd yerlərində yaşayanların sayının azalması kənd yumurtasının qiymətini artırır. Bu, birinci faktordur”.
Ekspert qeyd edib ki, ikinci əsas faktor yumurta satanların özlərinin də alıcı olması ilə bağlıdır:
"Ölkədə hər şeyin qiyməti qalxır, ərzaq inflyasiyası 7-8%-ə çatıbsa, onlar öz məhsullarının qiymətini niyə artırmasınlar ki? Ona görə də bu məsələdə iki önəmli faktor var: kənd əhalisinin azalması və ölkədəki ümumi bahaçılıq bu sahənin də qiymət artımına təsir göstərir".
Son qənaətlərə görə, mövcud tendensiya davam edərsə və inflyasiya təzyiqləri səngiməzsə, qarşıdakı qış aylarında yumurtanın qiymətindəki artım tendensiyasının daha da dərinləşməsi istisna olunmur.
Xüsusilə yem bazarındakı qiymət dəyişiklikləri və daxili istehsalda yaşanan struktur çətinliklər qiymətlərə təsir edən əsas hərəkətverici qüvvə olaraq qalmaqdadır. Bazarda stabilliyin təmin olunması üçün kənd təsərrüfatı sektoruna dəstəyin artırılması və yerli istehsalçıların stimullaşdırılması vacib addımlardandır. Əks halda, istehlakçılar yaxın aylarda da gündəlik tələbat malları, xüsusilə də yumurta üzrə yüksək qiymətlərlə qarşılaşmalı olacaqlar.
