Mərkəzi Bankın limit qərarında məqsəd nədir?
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. Tənzimləyicinin qəbul etdiyi yeni qaydalara
əsasən, borcalanın kredit xətti limiti (bütün kredit təşkilatları qarşısındakı öhdəliklər nəzərə alınmaqla) onun xalis gəlirinin 5 misli ilə
məhdudlaşdırılıb. Həmçinin overdraft limitləri kredit xətləri anlayışına daxil edilib. İstehlak kredit kartlarının balansdan kənar hissəsi üzrə kreditə
konvertasiya əmsalı 40 faiz müəyyən olunub.
Mərkəzi Bankın əsaslandırmasına görə, dəyişikliklərin məqsədi əhalinin həddindən artıq borclanmasının qarşısını almaq və bank sektorunun
dayanıqlılığını qorumaqdır. AMB-nin təhlillərinə görə, son dövrlərdə kredit kartlarının həcmi sürətlə artıb və bu, borc yükünün də yüksəlməsi ilə
müşayiət olunub.
Yeni qaydalara əsasən, nağd vəsaitlə, bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri bu limitin hesablanmasından istisna edilir. Həmçinin
bu limitdən artıq olan istehlak kredit xətlərinin ümumi məbləği bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizindən çox olmamalıdır.
Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”
Referans xəbər verir ki, Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Mərkəzi Bankın bu qərarının həm sosial, həm də iqtisadi səbəbləri var:
“Əsas məqsəd istehlak kreditlərinin artımının qarşısını almaqdır. Bundan əlavə, bir neçə altməqsəd də var. Bunlardan biri sosial xarakterlidir.
Mərkəzi Bank görür ki, əhali sürətlə borclanır, insanlar bir çox hallarda gəlirinin qaytarmağa yetməyəcək qədər kredit götürür, sonra da qaytara
bilmirlər. Bu da son nəticədə sosial problemlərə səbəb olur. Buna görə də Mərkəzi Bank açıq şəkildə bəyan etdi ki, tutalım, xalis aylıq gəliri min
manat olan adam bütün banklardan birlikdə 5 min manatlıq kredit kartı götürə bilər. Bundan artığı verilməyəcək”.
Ekspert bildirir ki, Azərbaycan bankları istehlak kreditlərini daha həvəslə verirlər: “Banklar üçün krediti biznesdənsə, vətəndaşdan almaq daha
rahatdır. Əvvəla, istehlak kreditinin faizi yüksək, müddəti azdır – bank daha qısa müddətdə daha yüksək faiz gəliri əldə edir. İkincisi,
qayatrılmasında problem yarandıqda, sadə vətəndaşın üstünə getmək, məhkəmədə özünə sərf edən qərar almaq daha asandır, kollektorlar adi
vətəndaşı daha tez borcunu ödəməyə məcbur edə bilir. Biznesə münasibətdə bunları etmək mümkün olmur, yaxud çətin olur. Mərkəzi Bankın
kredit kartlarına limit məhdudiyyəti qoymasının bir məqsədi də məhz bankları biznes kreditlərinə yönəltməkdir. İqtisadiyyatın inkişafı üçün belə
kreditlərə ehtiyac var, banklar likvid vəsaitlərini bura yönəltməlidilər”.
Rəsmi məlumata görə, bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 527,4 milyon manat təşkil edib. Bu, iyunun 1-i ilə
müqayisədə 3,8 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 faiz, son 1 ildə isə 16,75 faiz artıb. İyunun sonuna vaxtı
keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib. Bu nisbət mayın sonuna da 1,7 faiz, ötən il dekabrın sonuna 1,5 faiz,
ötən il iyunun sonuna isə 1,7 faiz olub.
Bir sıra mütəxəssislər problemli kreditlərin artmasında əsas rolun istehlak kreditlərinə məxsus olduğunu bildirirlər. 2015-2016-cı illərin
devalvasiyalarından sonra yaranan problemli kredit böhranından sonra Mərkəzi Bank istehlak kreditlərinin sərtləşdirilməsi üçün banklarla iş
apardı. Bir neçə ildən sonra belə kreditlərin ümumi kredit portfelindəki payını azaltmaq mümkün oldu. Lakin son illərdə Azərbaycanda yenidən
istehlak kreditlərinin davamlı artımı diqqəti cəlb edir. Rəsmi statistikaya nəzər salsaq görərik ki, 2020-ci illə müqayisədə belə kreditlərin ümumi
məbləği 3 dəfəyə yaxın artıb.
Göstəricilərin illik müqayisəsi göstərir ki, son bir ildə bankların kredit portfelindəki artımın hərəkətverici qüvvəsi istehlak kreditləri olub. Belə ki,
Mərkəzi Bankın məlumatına əsasən 2025-ci ilin iyun ayında may ayı ilə müqayisədə bankların kredit portfeli 0.3 faiz və ya 85,6 milyon manat
artaraq 28 milyard 472,1 milyon manata çatıb. 30 iyun 2025-ci il tarixində bankların kredit portfelinin strukturu belə olub: biznes kreditləri 53,2 faiz
və ya 15 milyard 143,7 milyon manat (2024-cü ilin eyni dövründə 54,6 faiz və ya 13 milyard 874,8 milyon manat); istehlak kreditləri – 31,3 faiz və ya 8
milyard 898,3 milyon manat (30 faiz və ya 7 milyard 633,8 milyon manat); ipoteka kreditləri – 15,5 faiz və ya 4 milyard 430,2 milyon mana (15,4 faiz
və ya 3 milyard 920,8 milyon manat).
Son 12 ay ərzində bankların kredit portfelinda biznes kreditlərinin xüsusi çəksi 54,6 faizdən 53,2 faizə düşüb, istehlak kreditlərinin xüsusi çəkisi 30
faizdən 31.3 faizə yüksəlib.
İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, AMB kredit kartlarına limiti borclanmanın daha məsuliyyətli və sağlam aparılması məqsədilə edildiyini
açıqlayıb: “Bankın gözləntisinə görə, edilmiş dəyişiklik əhalinin izafi borclanmasının qarşısını alacaq. Mərkəzi Bank hesab edir ki, son dövrlərdə
istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilir. Əlbəttə, baş tənzimləyicinin borclanma məsələsinə
həssas yanaşması və lazım olduqda kredit təşkilatlarını və əhalini məsuliyyətsiz borclanmadan çəkindirəcək qərarlar verməkdə haqlıdır. Ancaq
qurumun özünün dərc etdiyi statistika fərqli mənzərəni göstərir. Məsələn, ödəniş kartları ilə verilmiş kreditlərin ümumi həcmində ilin ilk yarısında
3,2 faiz artım olsa da, son ay azalma qeydə alınıb. May-iyun aylarında belə kredit kredit qoyuluşunun həcmi 1,42 milyard manatdan 1,39 milyard
manata düşüb. Azalma digər göstəricilərdə də qeydə alınıb. Kredit kartlarının sayı cari ilin yanvar-iyun aylarında 2256 mindən 2118 minə düşüb.
Ümumi ödəniş kartlarında isə belə kartların payı 11,3 faizdən 10,3 faizə düşüb. Bu müddətdə kredit kartları üzrə əməliyyatların sayı 14 milyondan
13,8 milyona, əməliyyatların ümumi həcmi isə 893 milyon manatdan 800 milyon manata düşüb. Yəni ümumi mənzərə kredit kartlarına əvvəlki
marağın olmamasını göstərir”.
Ekspertə görə, Mərkəzi Bankın “istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilir” fikri də nisbidir: “Çünki
bu ilin ilk yarısında ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi 4,8 faiz artdığı halda kartlarla verilmiş kreditlərin artımı 3,2 faiz olub. Ümumi
istehlak kreditlərində ödəniş kartları ilə verilmiş kreditlərin payı 8,1 faiz təşkil edir. Hərçənd bu göstərici 2024-cü ildə 8,2 faiz olub və 2022-ci ildən
sonra ən aşağı göstəricidir.
Hər bir halda bəzi ziqzaqlara rəğmən ümumi tendensiya azalma üzrə gedir. Belə vəziyyətdə şərtləri sərtləşdirmək nə dərəcədə vacibdir? Yaxşı
olardı ki, əsas diqqət istehlakçıların hüquqlarının pozulmasının qarşısının alınmasına yönəldilsin. Müştərinin icazəsi olmadan əmək haqqı
kartından avtomatik olaraq kredit kartı üzrə borcun silinməsi, eyni zamanda kredit kartı üzrə gecikmə başlanan növbəti gündən başlayaraq hər
gün müştəriyə zəng vuraraq onlara psixoloji təzyiq edilməsi praktikasına son qoyulsun”.
Qeyd edək ki, Mərkəzi Bankın bu addımının bir məqsədi də ölkədə inflyasiyanın qarşısının alınması ola bilər. Belə ki, ölkə əhalisinin gəlirləri
istirahət, gəzinti, həmçinin bir çox hallarda məişət xarakterli alışların həyata keçirilməsinə imkan vermir. Son illərdə kredit kartları ilə iri məişət
texnikasının alınması, həmçinin xarici ölkələrə turist səfərlərinin, hətta müalicə xərclərinin ödənməsi praktikası sürətlə genişlənir. Bu isə əvvəla,
idxalı stimullaşdırmaqla(alınan elektronik əşyaların hamısı xaricdən idxal olunur) valyutanın xaricə axınına, eyni zamanda idxal inflyasiyasının
təsirinin artmasına səbəb olur. Belə ki, AMB-nin hesablamalarına əsasən ölkədə inflyasiyaya əsas artırıcı təsir – 60 faiz olmaqla idxaldan
qaynaqlanır. Tənzimləyici qeyd edir ki, qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır: “Bu
şəraitdə inflyasiyanın başlıca xarici risk faktoru kimi idxal inflyasiyası hesab olunur. Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan,
digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasından asılıdır”.
AMB-yə görə, İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər: “Bu
baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə
saxlanılmalıdır”.
MB İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib ki, istehlak kreditlərinin həcminin 10 faiz artımı ölkədə inflyasiyanı 0,34 faiz artırır: “Bizim
proqnozlarımıza görə bu ilin sonuna Azərbaycanda istehlak kredit portfelinin artımı 13 faiz ətrafında olacaq. Bu isə inflyasiyaya, ev təsərüfatlarının
istehlakı vasitəsi ilə 0.43 faiz bəndi artırıcı təsir göstərəcək. 2026-cı ildə isə istehlak kredit portfelinin artımı 16 faiz artıma ətrafında olacaq, bu da
inflyasiyaya 0.56 faiz bəndi artırıcı təsir edəcək”/Musavat.com