Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” bir müddət əvvəl “28 May” stansiyasının təmir işləri ilə əlaqədar oktyabrın sonunda fəaliyyətini müvəqqəti dayandıracağı barədə məlumat yayıb. Bu müddət ərzində “Dərnəgül” – “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Eyni zamanda “Həzi Aslanov” – “İçərişəhər” xətti üzrə hərəkət edən qatarlar “28 May” stansiyasında dayanmayacaq. Bu məhdudiyyətlər “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçirilir. Layihə üzrə “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşası nəzərdə tutulur.
Artıq indidən vətəndaşlar narahatlıq ifadə edirlər. Bildirirlər ki, metro normal işlədiyi günlərdə belə avtobuslar gec gəlir və bu, əsasən, tıxacla əlaqələndirilir. Oktyabrdan etibarən vəziyyətin daha da pisləşəcəyindən ehtiyatlanırlar.
Çıxış yolu nədir? Vətəndaşların ünvana rahat və vaxtında çata bilməsi üçün hansı tədbirlər görüləcək?
Referans bildirir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev deyib ki, mütləq dəyişikliklərə getməliyik.
Onun fikrincə, metro xətləri bir-birindən ayrılmalıdır:
“Xüsusilə yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması vacibdir ki, bu xətlər sərbəst şəkildə fəaliyyət göstərə bilsin. Əks halda, artıq ağırlaşmış nəqliyyat sıxlığı daha da kəskinləşəcək. Yeni stansiyaların sayı artırılacaq. Prezidentin sərəncamı ilə 2030-cu ilə qədər əlavə 10 metro stansiyasının tikilməsi planlaşdırılır və bu layihə çərçivəsində metro xətləri ayrılacaq. Bəli, bu ayrılma baş verdikdə müəyyən çətinliklər yaşanacaq. Məsələn, “Həzi Aslanov” istiqamətindən gələn qatarlar birbaşa “Memar Əcəmi” və ya “Dərnəgül” istiqamətinə hərəkət edə bilməyəcək. Bu isə həmin xətlər üzrə sərnişin sıxlığını artıracaq”.
Mütəxəssis başqa alternativin olmadığını vurğulayıb:
“Bu mərhələdə sərnişinlər “28 May” stansiyasından çıxaraq, “Nizami” metro stansiyasına qədər xüsusi təşkil olunacaq avtobus marşrutları ilə hərəkət edəcəklər. Bu dəyişikliklər zamanı əlavə avtobus xətləri yaradılacaq. Tıxac problemini həll etmək üçün ilk növbədə ictimai nəqliyyat sistemindəki çatışmazlıqlar aradan qaldırılmalıdır. Metro xətlərinin ayrılması da bu istiqamətdə atılan vacib addımlardandır”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyib ki, məlumata görə, məsələ ilə bağlı artıq müəyyən müzakirələr aparılır:
“Qurumlar əsasən həmin metrostansiya ərazisində sərnişinlərin daşınmasını yaxşılaşdırmaq üçün əlavə avtobusların sayının artırılması üzərində çalışırlar. Lakin bu, asan iş deyil. Yeni avtobusların, xüsusən də müasir sərnişindaşımaları standartlarına və ekoloji tələblərə cavab verən nəqliyyat vasitələrinin alınması və marşruta verilməsi müəyyən çətinliklər yaradır”.
Eldəniz Cəfərovun fikrincə, bu istiqamətdə dövlət əlavə subsidiyalar ayıraraq dəstək verməlidir.