Qlobal güc balansının dəyişdiyi və diplomatik müstəvidə yeni aktivlik mərhələsinin müşahidə olunduğu bir vaxtda ABŞ ilə Rusiya arasında gözlənilməz təmas cəhdləri diqqət çəkir. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun Moskvaya səfəri regional və beynəlxalq siyasi gündəmdə ciddi maraq doğurub.
Səfərin məhz ABŞ-ın Cənubi Qafqazda artan fəallığı və Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə eyni vaxta təsadüf etməsi prosesin arxasında daha geniş geosiyasi məqsədlərin dayandığını ehtimal etməyə əsas verir.
Referans bildirir ki, Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkofun Rusiyaya səfəri Ukrayna böhranı ilə bağlı son mesajları çatdırmaqdır:
“Çünki iki gündən sonra Trampın Putinə verdiyi vaxt bitir. Rusiyaya sərt sanksiyaların tətbiq olunması və Ukraynaya latel silahların verilməsi reallaşa bilər. Tramp Putinə inanmır. Ola bilsin ki, Putin özü Ağ Evlə danışmaq istəyir, əlavə şərtləri var. Lakin mən bu səfərdən də müsbət nəticə gözləmirəm.
Putin İstanbulda Tramp və Zelenski ilə üçtərəfli görüş üçün razılıq verə bilər. Bu da sanksiyaların təxirə salınmasına gətirib çıxarar. Proseslər elə bir müstəvidə davam edir ki, ortaq məxrəcə gəlinməsi çətindir. Yalnız hərbi yolla dinamika yaradaraq Rusiyanı güzəştə məcbur etmək olar. Düşünürəm, ABŞ bu siyasətə üstünlük verə bilər. Əlavə alternativlər Putinə vaxt qazandırır”.