Krediti götürən şəxs ölərsə, borc silinirmi? Hüquqşünasdan vacib açıqlama

Bank krediti götürərkən zamin duran şəxsləri ən çox düşündürən məsələlərdən biri də borcalanın vəfat etdiyi halda kredit öhdəliyinin taleyidir. Bir çoxları hesab edir ki, borclunun ölümü ilə zaminin məsuliyyəti də başa çatır. Bəs qanunvericilik bu məsələni necə tənzimləyir? Zamin ödədiyi pulu sonradan kimdən tələb edə bilər?


Mövzu ilə bağlı Referans Media-ya danışan hüquqşünas Rəhim Xoyski bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, bank krediti götürən şəxsin vəfat etməsi zaminin öhdəliyini avtomatik olaraq ləğv etmir.


Zaminin öhdəliyi borclu vəfat etdikdə xitam tapırmı?
Hüquqşünasın sözlərinə görə, borclunun vəfatı zaminliyə xitam verilməsi üçün əsas hesab olunmur.

Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsi halları sadalanıb və borclunun ölümü həmin hallar sırasında göstərilməyib.


Bu səbəbdən borclu vəfat etdikdə onun borc öhdəliyi miras əmlaka keçir və zamin də həmin borcun ödənilməsi ilə bağlı məsuliyyət daşımağa davam edir.


Rəhim Xoyski qeyd edib ki, əgər zaminlik müqaviləsində zaminin subsidiar (əlavə) məsuliyyəti nəzərdə tutulubsa, borclunun öldüyü tarixdən mirasın qəbul edildiyi günədək zaminin məsuliyyəti dayandırılır. 

Lakin bank kreditlərində əksər hallarda birgə məsuliyyət nəzərdə tutulduğundan bu qayda praktikada çox vaxt tətbiq edilmir.


Zamin ödədiyi məbləği kimdən tələb edə bilər?
Hüquqşünas bildirib ki, zamin kredit borcunu banka ödədikdən sonra kreditorun hüquqlarını əldə edir.

Bu hüquq reqres (geri tələb) hüququ adlanır.
“Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları keçir. Zamin borcludan və ya onun vərəsələrindən kreditora ödənilmiş məbləği, faizləri və çəkdiyi digər zərərləri tələb edə bilər”, – deyə o vurğulayıb.


Vərəsələrə qarşı iddia qaldırmaq mümkündürmü?
Rəhim Xoyskinin sözlərinə görə, zamin ödədiyi məbləği borclunun vərəsələrindən tələb edə bilər. Lakin burada mühüm hüquqi məhdudiyyət mövcuddur.


Belə ki, vərəsələr ölənin borclarına görə yalnız onlara çatan miras payının dəyəri həcmində məsuliyyət daşıyırlar. Məsələn, vərəsəyə 10 min manat dəyərində əmlak qalıbsa, zamin ondan 15 min manat tələb edə bilməz. Bu halda vərəsə yalnız ona miras qalmış əmlakın dəyəri qədər ödəniş etməyə borcludur.


Hüquqşünas əlavə edib ki, əgər vəfat edən şəxsdən heç bir miras qalmayıbsa və ya vərəsələr mirası qanunvericiliyə uyğun qaydada rədd ediblərsə, zaminin həmin şəxslərdən pul tələb etməsi xeyli çətinləşir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki