“LƏRZƏ” OXUCULARINI GÖZLƏYİR

Bu günlərdə yazıçı-publisist və şair Gülər Natiq İsaqın “Lərzə” adlı yeni poeziya kitabı işıq üzü görüb.

“Lərzə” müxtəlif illərdə qələmə alınmış şeirləri bir araya gətirir və müəllifin daxili dünyasının, ruh sarsıntılarının, həyat müşahidələrinin poetik izlərini oxucuya təqdim edir. Kitabdakı şeirlər mövzu baxımından rəngarəngdir: insanın özü ilə dialoqu, zamanın gətirdiyi dəyişikliklər, sevgi, itkilər, fəlsəfi suallar və yaşamın gizli çalarları poetik biçimdə ifadə olunub.

Müəllifin dilində səmimiyyət və bədii duyum güclü şəkildə hiss olunur; şeirlərin fəlsəfi yükü isə geniş oxucu auditoriyasına xitab edir və hər kəsə özündən bir pay tapmağa imkan yaradır.

Qeyd edək ki, kitabın redaktoru Tərlan Əbilov, ön sözünün müəllifi Aygün Cəfərova, dizayneri isə Könül Hüseyndir. “Lərzə” kitabı “Portuqa” nəşriyyatı tərəfindən nəşr olunaraq oxuculara təqdim edilib.

“Lərzə” yalnız bir şeir kitabı deyil, həm də oxucunu içindəki titrəyişi dinləməyə dəvət edən poetik yolçuluqdur.

Məlumat üçün bildirək ki, şənbə günü – 22 noyabrda müəllif öz ilk kitabını oxuculara təqdim edəcək. İmza günü şəhərin tanınmış məkanlarından biri olan “Green Book Cafe”də – saat 15:00-17:00 arasında baş tutacaq.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki