Belarusun İsraildəki səfiri Yuri Yaroşeviç İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Referans Media xəbər verir ki, bu barədə İsrail XİN-in mətbuat xidməti məlumat yayıb.
Səbəb Prezident Aleksandr Lukaşenkonun Qəzza ilə bağlı səsləndirdiyi fikirlər olub:
“Nazirliyin baş direktoru Eden Bar-Tal Belarus səfirinə etirazını çatdırıb. İsrail tərəfi Lukaşenkonun Holokostu Qəzzadakı hərbi əməliyyatlarla müqayisə etməsini qətiyyətlə rədd etdiyini vurğulayıb”.
İsrail XİN həmçinin Lukaşenkonun beynəlxalq ictimaiyyətin israillilərə qarşı cinayətləri müzakirə etdiyi, lakin Qəzzada baş verənlərə göz yumduğu barədə fikirlərini qəbuledilməz adlandırıb.
Qeyd edək ki, Lukaşenko daha əvvəl “Al Arabiya English” telekanalına müsahibəsində İsrailin Holokost mövzusunda danışmaq haqqını sual altına almışdı. O, Qəzzada dağıntıların miqyasına və fələstinlilər arasında çoxsaylı itkilərə diqqət çəkərək, İsrailin bu səbəbdən dünyada nüfuzunun zəiflədiyini bildirmişdi.
