“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi “Kasımpaşa” ilə oyunda vurduğu qolla klub tarixinə düşüb.
Referans Media xəbər verir ki, Türkiyə Super Liqasının 17-ci turunda “Qalatasaray” RAMS Parkda “Kasımpaşa”nı qəbul edərkən, argentinalı futbolçu Mauro İkardi tarixi nailiyyətə imza atıb.
Sarı-qırmızılı komandada kollektiv uğurlarla yanaşı fərdi göstəriciləri ilə də seçilən 32 yaşlı futbolçu, “Kasımpaşa”nın qapısına vurduğu qolla Super Liqada “Qalatasaray” forması ilə 60-cı qolunu qeyd edib.
Hacini geridə qoydu
Bu nəticə ilə Mauro İkardi klub əfsanəsi Georgi Haciyə məxsus 59 qolluq rekordu geridə qoyaraq, “Qalatasaray” tarixində Super Liqada ən çox qol vuran əcnəbi futbolçu olub.
Argentinalı hücumçu 2023–2024 mövsümündə Super Liqada vurduğu 25 qolla da bombardirlər yarışını zirvədə başa vurmuşdu.
“Kasımpaşa”ya qarşı görüşün 88-ci dəqiqəsində fərqlənən İkardi, bu mövsüm ümumi qol sayını 9-a çatdırıb.






















