Baş nazir qərar imzaladı

Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar qəbul edib.

Referans MEDİA xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, qoyuluş gücü 100 MVt olan günəş elektrik stansiyasının və 30 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin tikintisi məqsədilə Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 198,45 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Energetika Nazirliyi elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri ölkə Prezidentinin 2023-cü il 2 avqust tarixli fərmanı ilə təsdiq edilmiş "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun olaraq həyata keçirməlidir.

Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 198,45 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki