Evdə hər gün istifadə etdiyimiz bir çox əşya zamanla köhnəlir, bakteriya və göbələklərin toplanması üçün əlverişli mühitə çevrilir. Lakin əksər insanlar diş fırçasını, qab süngərini, yastığı və digər məişət əşyalarını tövsiyə olunan vaxtdan daha gec yeniləyir. Bu isə həm gigiyena, həm də sağlamlıq baxımından risk yarada bilər.
Bəs ən çox istifadə olunan məişət əşyaları nə qədər müddətdə dəyişdirilməlidir?
Referans Media xəbər verir ki, ev əşyalarını bir zamandan sonra dəyişmək lazımdır:
Diş fırçası - hər 3-4 aydan bir
Stomatoloqlar diş fırçasının tükləri əyilməyə başlayan kimi və ya ən gec 3-4 aydan bir yenisi ilə əvəz edilməsini tövsiyə edirlər. Soyuqdəymə və ya qripdən sonra da diş fırçasını dəyişmək məsləhətdir.
Qab yuyan süngər - hər 1-2 həftədən bir
Nəm mühitdə qalan qab süngərləri bakteriyaların ən çox toplandığı əşyalardan hesab olunur. Onların tez-tez dəyişdirilməsi və istifadədən sonra qurudulması tövsiyə edilir.
Kəsici taxta - vəziyyətindən asılı olaraq 1-2 ildən bir
Taxtanın üzərində dərin cızıqlar əmələ gəldikdə bakteriyalar həmin hissələrdə toplana bilər. Xüsusilə çiy ət üçün istifadə olunan taxtalar daha diqqətlə yoxlanmalıdır.
Yastıq - hər 1-2 ildən bir
Yastıqlar zamanla formasını itirir, toz gənələri və allergenlər toplaya bilir. Mütəxəssislər onların mütəmadi yuyulmasını və 1-2 ildən bir yenilənməsini tövsiyə edirlər.
Yorğan - təxminən hər 5 ildən bir
Yorğanın istifadə intensivliyindən asılı olaraq ömrü dəyişsə də, orta hesabla 5 ildən sonra yenilənməsi məsləhət görülür.
Hamam dəsmalı - 2-3 ildən bir
Dəsmallar müntəzəm yuyulsa da, zaman keçdikcə lifləri köhnəlir və bakteriyaların tam təmizlənməsi çətinləşir.
Plastik qida qabları - çat və deformasiya yarandıqda
Plastik qablarda çatlar əmələ gəldikdə onların istifadəsi məqsədəuyğun sayılmır. Çünki həmin hissələrdə bakteriyalar toplana və materialın keyfiyyəti pisləşə bilər.
Mətbəx əlcəyi və silikon alətlər - zədələndikdə
İstiliyin təsiri ilə deformasiyaya uğrayan və ya cırılan mətbəx alətləri qoruyucu funksiyasını itirə bilər./AZXEBER.COM/
