Süni intellekt artıq dünyanın hər yerində istifadə olunur və insanların işlərini asanlaşdırmağa xidmət edir. Lakin belə bir fikir mövcuddur ki, süni intellekt inkişaf etməkdə olan ölkələrin inkişafına əngəl olacaq.
Referans Media bildirir ki , mövzu ilə bağlı Sfera.az-a danışan Akif Nəsirli qeyd edib ki, əsas məsələ süni intellektin özü deyil, ondan necə istifadə edilməsidir.
İqtisadçı deyib ki, hazırda süni intellekt sahəsində əsas texnologiyalar, böyük məlumat bazaları və yüksək hesablama gücü əsasən inkişaf etmiş ölkələrin və iri texnologiya şirkətlərinin əlində cəmləşib:
“Bu vəziyyət inkişaf etməkdə olan ölkələrin rəqabət imkanlarını zəiflədə, texnoloji asılılığı artıra və iqtisadi fərqin daha da dərinləşməsinə səbəb ola bilər. Əgər bu ölkələr yalnız xarici texnologiyaların istehlakçısı kimi qalsalar, süni intellektin yaratdığı əlavə dəyərdən daha az pay alacaqlar. Süni intellekt inkişaf etməkdə olan ölkələr üçün böyük imkanlar da yaradır. Düzgün strategiya ilə, təhsil, səhiyyə, kənd təsərrüfatı, dövlət xidmətləri və sənaye sahələrində məhsuldarlığı artırmaq, xərcləri azaltmaq və innovasiyaları sürətləndirmək mümkündür”.
A.Nəsirlinin sözlərinə görə, risklərin azaldılması üçün ilk növbədə insan kapitalına investisiya artırılmalı, təhsil sistemi süni intellekt, proqramlaşdırma, rəqəmsal bacarıqlar və məlumat analitikası kimi sahələrə uyğunlaşdırılmalıdır. O, həmçinin yerli innovasiya ekosisteminin gücləndirilməsinin, startapların dəstəklənməsinin, elmi tədqiqatların maliyyələşdirilməsinin və universitetlərlə özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ekspert əlavə edib ki, rəqəmsal infrastrukturun inkişaf etdirilməsi, məlumat təhlükəsizliyini təmin edən hüquqi bazanın yaradılması və süni intellektdən etik istifadə qaydalarının müəyyən edilməsi də mühüm əhəmiyyət daşıyır:
“İnkişaf etməkdə olan ölkələr həm beynəlxalq texnoloji əməkdaşlığı genişləndirməli, həm də öz milli rəqəmsal potensialını formalaşdırmalıdır. Yalnız bu halda süni intellekt iqtisadi artımı sürətləndirən və rəqabət qabiliyyətini artıran mühüm vasitəyə çevrilə bilər”.
