"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib.
Referans Media President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra "Azərkosmos"un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) verilib.
"AZCON Holdinq" eyni zamanda bu Fərmanın 4.1-ci, 4.2-ci və 4.4-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktlarında, o cümlədən "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində təsisçinin səlahiyyətlərininə aid edilmiş digər məsələləri həll edəcək.
Bundan başqa, "Azərkosmos" əməyin ödənişi fondunun və işçilərin əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) müəyyən edilməsini "AZCON Holdinq"lə razılaşdırmalıdır.
