Ukraynanın ABŞ-dakı keçmiş səfiri Olqa Stefanişina 13,9 milyon qrivnadan çox (təxminən 530 min manat) məbləğində qanunsuz varlanmaqda şübhəli bilinir.
Referans Media xəbər verir ki, bu barədə Ukraynanın “Insider UA” telegram kanalı məlumat yayıb.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAPO) da ona qanunsuz varlanma ittihamı irəli sürüldüyünü təsdiqləyib.
Məlumata görə, Stefanişinanın Kiyevdə yerləşən “Fayna Taun” yaşayış kompleksində dostunun adına rəsmiləşdirilmiş iki mənzili olub.
Həmin mənzillərin ümumi dəyəri təxminən 11 milyon qrivna (təxminən 419 min manat) qiymətləndirilir.
Bundan əlavə, onun Kiyevdəki biznes sinifli “Lvivska Ploşça” yaşayış kompleksində anasının adına qeydiyyata alınmış mənzili də olub.
Həmin kompleksdə yerləşən avtodayanacaq yeri və bir neçə qeyri-yaşayış sahəsi isə atasının adına rəsmiləşdirilib.
İddialara görə, sabiq səfir bu əmlakları, eləcə də nağd vəsaitlərini, iri məbləğli xərclərini və tabeliyində çalışan əməkdaşın adına qeydiyyatda olan “Mercedes” markalı avtomobildən istifadə etməsini gəlir bəyannaməsində göstərməyib.
Ukraynalı jurnalistlər həmçinin bildirirlər ki, diplomat Kiyev yaxınlığında dəyəri 550 min dollar (təxminən 935 min manat) olan ev almağı planlaşdırıb. Halbuki, rəsmi gəlirləri belə bir əmlakı almağa imkan vermirdi. Bildirilir ki, Stefanişina 2024-cü ilin əvvəlindən 2025-ci ilin ortalarınadək təxminən 3,7 milyon qrivna (təxminən 141 min manat) gəlir əldə edib.
Ukraynanın antikorrupsiya orqanları ABŞ-dakı keçmiş səfiri Olqa Stefanişinaya qarşı qanunsuz varlanma maddəsi ilə istintaqa başlayıb. O, Vaşinqtondakı vəzifəsindən azad edildikdən cəmi iki gün sonra rəsmi şəkildə şübhəli şəxs qismində tanınıb. Məhkəmə onun barəsində 6 milyon qrivna məbləğində girov qətimkan tədbiri seçib.
