Leobank tətbiqində nə baş verir?
Son günlər Leobank tətbiqində yaranan problemlər istifadəçilərin narazılığına səbəb olub.
Referans Media bildirir ki, Leobank mobil tətbiqində yaranan problemlərlə bağlı bəzi istifadəçilər Ajans.az-ın qaynar xəttinə müraciət edərək tətbiqə girişdə çətinlik yaşadıqlarını, kartla ödəniş və köçürmə əməliyyatlarının isə bəzi hallarda uğursuz olduğunu bildiriblər.
Redaksiyamızın əldə etdiyi məlumata görə, problemlə üzləşən istifadəçilər tətbiqə daxil ola bilmədiklərini və əməliyyatlarını həyata keçirməkdə çətinlik çəkdiklərini qeyd edirlər.
Məsələyə aydınlıq gətirmək məqsədilə Ajans.az olaraq Leobankın mobil tətbiqini təqdim edən “Unibank” Kommersiya Bankı ASC-nin mətbuat xidmətinə rəsmi sorğu ünvanladıq. Sorğuda sistemdə texniki nasazlığın olub-olmaması, problemin səbəbi, nasazlığın miqyası, xidmətlərin nə vaxt tam bərpa olunacağı və görülən tədbirlərlə bağlı suallar yer alıb.
Material hazırlanarkən sorğuya cavab daxil olmayıb.
Ajans.az mövzunu diqqətdə saxlayır. Unibank tərəfindən rəsmi açıqlama təqdim ediləcəyi təqdirdə xəbər yenilənəcək və bankın mövqeyi dərc olunacaq.
