Mənzilin satılması zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri də qüvvədə olan sığorta müqaviləsinin taleyi və əvvəlcədən ödənilmiş sığorta haqqının geri qaytarılmasıdır.
Bəs sığortalanmış mənzil satıldıqda müqaviləyə xitam vermək mümkündürmü? İstifadə olunmamış müddət üçün ödənilən vəsaitin geri alınması hansı şərtlərlə həyata keçirilir?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, mənzilini satan vətəndaş sığorta müqaviləsinə xitam verilməsi üçün müraciət edə və istifadə olunmamış müddətə düşən sığorta haqqının bir hissəsini geri ala bilər.
“Məsələn, vətəndaş mənzilini bir il müddətinə sığortaladıqdan beş ay sonra satarsa, müqaviləyə xitam verilməsi üçün sığorta şirkətinə müraciət edə bilər. Bu halda istifadə olunmamış yeddi ayın sığorta haqqı inzibati xərclər çıxılmaqla geri qaytarılır.
Sığorta müqaviləsinin bağlanması üçün şəxsin sığortalanan əmlaka sığorta marağı olmalıdır. Mənzil satıldıqdan və başqa şəxsin mülkiyyətinə keçdikdən sonra əvvəlki sahibin həmin əmlaka münasibətdə sığorta marağı aradan qalxır”.
Ekspertin fikrincə, belə hallarda yeni mülkiyyətçinin mənzili öz adına sığortalaması daha məqsədəuyğundur.
Beləliklə, mənzilin satılması əvvəlki mülkiyyətçiyə sığorta müqaviləsinə xitam verilməsi üçün müraciət etmək imkanı yaradır. İstifadə olunmamış müddətə görə sığorta haqqının geri qaytarılması isə müqaviləyə xitam proseduru və müvafiq tutulmalar nəzərə alınmaqla həyata keçirilir.
