Məktəblərdə ŞOK TƏHLÜKƏ - Uşaqlarınızı bunlardan qoruyun

Son illərdə Azərbaycanda gənclər arasında Hellouin kimi xarici bayramların qeyd olunmasına maraq müşahidə edilir. Bu tendensiya qloballaşmanın milli-mədəni dəyərlərə təsiri və ənənəvi bayramlara münasibət məsələsini gündəmə gətirir. Bəs gənclərin xarici bayramlara marağının artması milli dəyərlərdən uzaqlaşma deməkdirmi?

Referans Media-ya açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, gənclərin xarici bayramlara maraq göstərməsi qloballaşma prosesləri ilə bağlıdır. Onun sözlərinə görə, etnoloji və mədəni xüsusiyyətlər müəyyən dəyişikliklərə, transformasiyalara məruz qalır.

Sosioloq qeyd edib ki, Novruza maraq əslində azalmayıb, sadəcə, bayrama münasibət dəyişib. Azərbaycan gəncləri Novruzun dəyərini və mahiyyətini qoruyub saxlayır, onu dünyanın müxtəlif ölkələrində də uğurlu şəkildə qeyd edirlər.

Onun sözlərinə görə, dünyada müxtəlif xarakterli bayramların, tədbirlərin və sosial aksiyaların qeyd olunması gənclərin davranışında yeni texnologiyaların, yeni şəraitin və imkanların təsiri ilə bağlıdır. Bu baxımdan münasibətlərdə müəyyən dəyişikliklərin baş verməsi təbii prosesdir və müsbət xarakter daşıya bilər.

Naib Niftəliyev vurğulayıb ki, milli dəyərlər və milli bayramlar bəzən ictimai diqqətin arxa planına keçdiyi üçün gənclərin də onlara münasibəti müəyyən qədər dəyişir. Bu prosesdə medianın da rolu var. Media müsbət təsir göstərməklə yanaşı, bəzi kənar təsirlərə də yol aça bilər.

Sosioloq bildirib ki, xarici bayramlara marağın artması qloballaşmanın gətirdiyi təbii tendensiyadır. Gənclər bu bayramlara meyil göstərir və onları mənimsəyirlər. Buna görə də milli mədəniyyətimizi əks etdirən bayramların, nümunələrin, abidələrin və artefaktların qorunması, möhkəmləndirilməsi və nəsildən-nəslə ötürülməsi vacibdir. Bu, ictimai təbliğatın, fəaliyyətin və sosial təşəbbüskarlığın tərkib hissəsi olmalıdır.

Naib Niftəliyevin sözlərinə görə, milli mədəni dəyərlərə münasibət əslində dəyişməyib. Sadəcə, milli dəyərlərin qlobal təsirlərlə inteqrasiyası və qlobal təmayüllərin təsiri altında yenidən formalaşması prosesi baş verir. Bu prosesi milli inkişaf baxımından müsbət qiymətləndirmək mümkündür.

Sosioloq əlavə edib ki, gənclər ümumi axının istiqamətində hərəkət edirlər və bu, təbii prosesdir. Əsas məsələ milli dəyərlərin, mənəvi prinsiplərin, ideyaların və düşüncələrin də bu axında öz yerini tapması, genişlənməsi və qlobal cəmiyyətdə müsbət təsirlərlə təmsil olunmasıdır.

Onun fikrincə, bu məsələdə gənclərin özlərinin də məsuliyyəti var. Milli bayramların və dəyərlərin əhəmiyyətini dərk etmələri üçün müvafiq davranış modelləri və nümunələr ortaya qoyulmalıdır. Gənclər milli bayramlarımızın və dəyərlərimizin fərqini, əhəmiyyətini qiymətləndirməyi bacarmalıdırlar.

Naib Niftəliyev qeyd edib ki, milli bayramlarımız sırasında dini və mədəni dəyərlərimizə əsaslanan bayramlar da var. Bunlar xüsusi tendensiya kimi qorunmalı və nəsildən-nəslə ötürülməlidir. Hər bir ənənənin və bayramın özünəməxsus müsbət təsiri mövcuddur.

Sosioloq vurğulayıb ki, bayramlar insanların və cəmiyyətin inkişafına müsbət təsir göstərir. Bu baxımdan milli bayramların məqsədi onların daşıdığı mənəvi dəyərlərdən faydalanmaqdır. Müxtəlif dəyərləri bilmək, mənimsəmək və onların faydalı tərəflərindən yararlanmaq arzuolunan tendensiyadır.

Onun sözlərinə görə, xarici bayramların məzmunu və konteksti ilə bağlı irəli sürülən fikirlərin müzakirəsi də normaldır. Lakin bu prosesdə mədəni təsirlərin düzgün istiqamətləndirilməsi və nəsildən-nəslə ötürülməsi prinsiplərinin qorunması vacibdir.

Naib Niftəliyev bildirib ki, gənclərdə milli şüurun, milli düşüncənin və milli rəğbətin formalaşdırılması, eləcə də buna uyğun davranışın tərbiyə edilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə uğurlu addımlar atılarsa, milli dəyərlər qorunacaq və qloballaşma prosesində Azərbaycan cəmiyyəti bundan faydalana biləcək.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki