Ali təhsil müəssisələrində yuxarı kurs tələbələrindən fərqli olaraq, birinci kursda təhsilalanlar üç aylıq təqaüdlərini ala bilməyiblər. Məlumata görə, əksər universitetlərdə birinci kursların təqaüdlərinin köçürülməsi gecikir. Buna səbəb kimi isə əsasən sənədləşmə prosesinin hələ də davam etməsi göstərilir.
Bəs I kurs tələbələrinin ödənişləri nə zaman köçürüləcək?
Referans Media bildirir ki, Oxu.Az məsələ ilə bağlı bir neçə universitet arasında sorğu keçirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, birinci kursların təqaüdlərinin bu həftə ərzində ödənilməsi nəzərdə tutulur.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova isə qeyd edib ki, I kursların təqaüdlərinin bu gün və yaxud sabah ödənilməsi planlaşdırılır.
Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə, hər il birinci kursların təqaüdü Dövlət İmtahan Mərkəzindən onların əmrləri göndərildikdən sonra işlənilir. O bildirib ki, proses artıq yekunlaşıb, I kursların təqaüdü bu gün və ya ən geci sabah ödəniləcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) PR və media şöbəsinin müdiri Nicat Abdullayev deyib ki, universitetdə I kurs tələbələrinin sənədləşmə prosesi hələ də davam edir, dövlət qurumlarına həmin tələbələrin məlumatları göndərilib. Universitet rəsmisi bildirib ki, təqaüdlərin yaxın zamanda ödənilməsi gözlənilir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnur Hadıyev Oxu.Az-a açıqlamasında qeyd edib ki, I kursların təqaüdləri noyabrın 3-də gün ərzində ödəniləcək.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Cavid Zeynallı sorğumuzu cavablandırarkən qeyd edib ki, ADU-da təhsil alan I kursların təqaüdləri artıq ödənilib.
