Gələn aydan 30 manat: Yeni rüsum narazılıq yaratdı

Dekabrın 25-dən “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər qüvvəyə minəcək.

Yeni dəyişikliyə əsasən, ev, torpaq və ya obyektin icarəsi və istifadə hüququnun dövlət qeydiyyatı üçün verilən çıxarışa görə 30 manat dövlət rüsumu ödəniləcək. Eyni zamanda böyük şirkətlərin birləşməsi - təmərküzləşmə ilə bağlı verilən ərizələrin araşdırılmasına görə də yeni rüsum qaydaları tətbiq olunacaq.

Bəs yeniliklər vətəndaşlara, sahibkarlara və dövlət xidmətlərindən istifadə edən şəxslərə necə təsir edəcək? Bu dəyişiklik əlavə xərcə səbəb olacaqmı?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Asif İbrahimov ilk baxışdan 30 manat böyük məbləğ kimi görünməsə də, bu qərarı ölkədəki mövcud sosial-iqtisadi vəziyyətdən kənarda qiymətləndirmək olmaz deyib.

“Azərbaycanda sahibkar onsuz da çoxsaylı maliyyə öhdəlikləri ilə üzləşir. Vergilər, sosial sığorta ödənişləri, kommunal xərclər, icarə haqları, bank komissiyaları və digər inzibati ödənişlər biznesin maya dəyərini artırır. Bir neçə obyekt və ya torpaq sahəsi üzrə fəaliyyət göstərən sahibkar üçün 30 manatlıq rüsum təkrarlanan xərcə çevrilir. Vətəndaş üçün də bu, əlavə ödənişdir. Ailə büdcələri hazırda kifayət qədər həssasdır”.

İqtisadçı bildirib ki, bu gün ölkədə əhalinin istehlak xərclərinin strukturuna baxmaq kifayətdir ki, ailə büdcələrinin nə qədər həssas vəziyyətdə olduğunu görək.

Əmək yarmarkalarında minlərlə vakansiya elan olunur, bəs nəticə nədir? – EFİRDƏ MÜBAHİSƏ - VİDEO
"Ərzaq xərclərinin ailə gəlirlərində yüksək paya malik olması ciddi sosial-iqtisadi problemdir. İqtisadiyyatda "Engel" qanununa görə, ailənin gəliri azaldıqca zəruri ərzaq xərclərinin ümumi büdcədəki xüsusi çəkisi yüksəlir. Bu göstəricinin yüksək olması əhalinin sərbəst gəlir imkanlarının məhdudluğundan xəbər verir”, - deyə müsahibimiz vurğulayıb.

Kommunal xərclər və kredit yükünə də toxunan A.İbrahimovun fikrincə, kommunal xərclərin artması da ailə büdcəsinə əlavə təzyiq yaradır:

"Dörd nəfərlik bir ailənin kommunal xidmətlərə görə illik xərclərinin əvvəlki illə müqayisədə 450-480 manat artması ehtimalı ailənin digər ehtiyacları üçün nəzərdə tutulan vəsaitin azalması deməkdir. Ümumi kredit portfelində istehlak kreditlərinin yüksək payı əhalinin cari istehlakını öz gəlirləri hesabına deyil, gələcək gəlirləri hesabına maliyyələşdirməyə məcbur qaldığını göstərir. Dövlət xidmətlərinin maliyyələşdirilməsi üçün rüsum mexanizmi ola bilər, lakin hər yeni ödənişin vətəndaşın büdcəsinə təsiri hesablanmalıdır.

Dövlət qurumları rəqəmsallaşmadan, elektron xidmətlərin genişləndirilməsindən danışırlar. Bəs bu islahatların nəticəsi niyə vətəndaş üçün daha əlçatan və daha ucuz xidmət formasında hiss olunmur? Hüquqların dövlət qeydiyyatı hüquqi təhlükəsizliyi təmin edən institusional xidmətdir. Bu xidmətin əlçatanlığı vətəndaş üçün əlavə maliyyə maneəsinə çevrilməməlidir”.

İqtisadçı millət vəkillərinə də müraciət edərək bildirib:

“Hörmətli millət vəkilləri, hər dəfə cərimələri, rüsumları, qadağaları və məhdudiyyətləri tənzimləyən qanun layihələri hazırlayırsınız. Olmazmı ki, bir dəfə də vətəndaşın qazancını artıran, sahibkarın gəlirlərini genişləndirən qanunlar hazırlayasınız? Cərimə ödəmək üçün də, rüsum ödəmək üçün də vətəndaşın gəliri olmalıdır”.

Son olaraq A.İbrahimov vurğulayıb ki, vətəndaşın cibindən çıxan hər əlavə manat iqtisadi dövriyyənin daralması deməkdir:

“Ailə büdcəsinə əlavə yük düşdükdə insan, ilk növbədə, zəruri olmayan xərclərini azaldır. Bu, sadəcə ailənin şəxsi qənaəti yox, iqtisadi dövriyyənin daralmasıdır. Restoranın müştərisi azalır, geyim mağazasının satışı aşağı düşür. Sahibkar daha az gəlir əldə edir, bəzən işçilərin sayını azaltmağa məcbur qalır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki