Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 6,5 faiz səviyyəsində dəyişməz saxlaması mövcud makroiqtisadi şərait baxımından əsaslandırılmış qərar kimi qiymətləndirilə bilər.
Bunu Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Onun sözlərinə görə, bir tərəfdən inflyasiya üzrə gözləntilərdə müəyyən artım müşahidə olunur, digər tərəfdən isə valyuta bazarında təklifin tələbi üstələməsi və manatın sabitliyi qiymətlərin kəskin artımı riskini müəyyən qədər məhdudlaşdırır.
"Belə şəraitdə uçot dərəcəsinin artırılması iqtisadi fəallığı zəiflədə, azaldılması isə inflyasiya risklərini gücləndirə bilərdi. Buna görə də Mərkəzi Bankın mövcud vəziyyəti izləmək mövqeyi seçməsi məntiqli görünür", – deyə ekspert bildirib.
Akif Nəsirli qeyd edib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması yaxın aylarda kredit və əmanət faizlərində də kəskin dəyişikliklərin baş verməyəcəyini göstərir.
"Banklar maliyyələşmə şərtlərini əsasən qoruyacaqlar və kredit bazarında ciddi ucuzlaşma və ya bahalaşma ehtimalı yüksək deyil. Bu isə həm əhalinin, həm də biznesin maliyyə qərarlarında müəyyən sabitlik yaradacaq", – deyə o vurğulayıb.
Ekspertin fikrincə, biznes üçün bu qərar maliyyə resurslarına çıxış baxımından mövcud şərtlərin qorunması deməkdir.
"Yəni sahibkarlar yaxın dövrdə kredit faizlərinin kəskin artacağı ilə bağlı ciddi narahatlıq keçirməyə əsas görmürlər. Eyni zamanda, inflyasiya və qlobal maliyyə bazarlarındakı proseslər diqqətlə izləniləcək. Əgər inflyasiya gözləntiləri yüksələrsə və ya xarici iqtisadi risklər artsa, Mərkəzi Bank növbəti iclaslarda pul-kredit siyasətinə yenidən baxa bilər. Hazırkı mərhələdə isə əsas məqsəd qiymət sabitliyi ilə iqtisadi aktivlik arasında tarazlığı qorumaqdır", – deyə Akif Nəsirli əlavə edib.
Gülnaz Abdullazadə
