Məşhur aktyorun vaxtsız ölümü şok yaşatdı – 45 yaşında vəfat etdi

Türkiyənin məşhur teatr və kino aktyoru Kanbolat Görkem Arslan 45 yaşında dünyasını dəyişib.

Referans Media xəbər verir ki, “Çemberimde Gül Oya”, “Poyraz Karayel”, “Ezel”, “Yer Gök Aşk” və “Bir Deli Rüzgar” kimi sevilən layihələrdəki rolları ilə tanınan sənətçi gecə saatlarında qəfil halı pisləşdikdən sonra həyatını itirib.

Məlumata görə, Arslan gecəyarısı Beyoğludakı evində özünü pis hiss edib. Həyat yoldaşının çağırışı ilə hadisə yerinə gələn təcili tibbi yardım briqadası ilkin müdaxilə göstərdikdən sonra aktyoru Taksim Təhsil və Araşdırma Xəstəxanasına çatdırıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Səhhətində yaranan problemin səbəbi ilə bağlı xəstəxana tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Son olaraq “Kudüs Fatihi Selahaddin Eyyubi” serialında rol alan Arslan eyni zamanda teatr səhnəsində də fəal idi. O, bir müddətdir “Çingene Boksör” adlı tamaşa ilə izləyicilərin qarşısına çıxırdı və tamaşasını cəmi bir neçə saat əvvəl sosial mediada elan etmişdi.

2021-ci ildə rəqqasə Hicran Akın ilə ailə quran aktyor şəxsi həyatı ilə də tez-tez gündəmə gəlirdi. Cütlük sosial şəbəkələrdə xoşbəxt anlarını izləyiciləri ilə bölüşürdü.

Kanbolat Görkem Arslan kim idi?

Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr bölməsində təhsil alan Arslan aktyorluq fəaliyyətinə 2004-cü ildə “Çemberimde Gül Oya” serialı ilə başlayıb. 1998-ci ildən etibarən teatr səhnəsində çıxış edən sənətçi “Daire”, “Yurt”, “Teslimiyet” kimi filmlərdə, həmçinin “Ezel”, “Poyraz Karayel”, “Hayat Bazen Tatlıdır” və digər məşhur seriallarda yadda qalan obrazlar yaradıb.

Onun vaxtsız vəfatı sənət ictimaiyyətində və pərəstişkarları arasında dərin kədər doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki