Metal detektoru ilə tarlaya girdi, MİLYONÇU ÇIXDI – Tapdığı xəzinə heyrətə saldı

İngiltərədə tarlada metal detektoru ilə axtarış aparan şəxs torpağın altında 244 torba dolusu qızıl və gümüşdən ibarət tarixi xəzinə aşkarlayıb. ES VII əsrə aid olduğu müəyyənləşdirilən Staffordşir xəzinəsinin tərkibində təxminən 5 kiloqram qızıl və 1,3 kiloqram gümüş olub.

Referans Media xəbər verir ki, hadisə 2009-cu ilin iyulunda İngiltərənin Staffordşir bölgəsində baş verib. Metal detektoru ilə axtarış aparan həvəskar Terri Xerbert torpağın altında çoxsaylı qızıl və gümüş əşyalar aşkar edib. Məlumatın aidiyyəti qurumlara çatdırılmasından sonra ərazidə geniş araşdırma aparılıb. Nəticədə bir neçə gün ərzində 244 torba dolusu tarixi artefakt çıxarılıb. Tapıntı sonradan “Staffordşir xəzinəsi” adı ilə tanınıb.

Xəzinənin ekspertizası Britaniya Muzeyida aparılıb. Xəzinədarlıq Qiymətləndirməsi Komitəsinin qiymətləndirməsinə əsasən, tapıntıların ümumi dəyəri 3,285 milyon funt sterlinq müəyyən edilib. Qanuni prosedura əsasən xəzinə onu aşkar edən Terri Xerbert ilə torpağın sahibi Fred Conson arasında bərabər bölünüb. Nəticədə hər iki şəxs təxminən 1,64 milyon funt sterlinq əldə edib.

“Staffordşir xəzinəsi”nin tərkibində təxminən 5 kiloqram qızıl və 1,3 kiloqram gümüş olduğu bildirilir. Muzey inventarına daxil edilən artefaktların sayı isə 3 900-ü ötür. Tapıntıların böyük hissəsini qılınc dəstəkləri və qılınc hissələri təşkil edir. Bundan başqa, dəbilqəyə aid parçalar və xristianlıq simvolları da aşkarlanıb.

Elmi araşdırmalar xəzinənin ES VII əsrə aid olduğunu göstərib. Tədqiqatlarda Anqlo-Sakson ustalarının qızılın səthindəki gümüş və mis qatlarını təmizləmək üçün dövrünə görə inkişaf etmiş üsullardan istifadə etdiyi müəyyənləşdirilib. Əşyaların yüksək keyfiyyətli hazırlanması onların həmin dövrün kral ailəsinə və ya yüksək təbəqəyə məxsus ola biləcəyi ehtimalını artırıb. Beləliklə, adi metal detektoru ilə başlayan axtarış İngiltərənin ən diqqətçəkən arxeoloji tapıntılarından birinin aşkarlanması ilə nəticələnib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki