ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində yük maşınının kuzovundan düşən 7 pitbull cinsli it ətrafdakı insanlara hücum edib. Hadisə nəticəsində ən azı 4 nəfər yaralanıb.
Referans Media xəbər verir ki, hadisə avqustun 26-da Kleyborn Meşə yolunda baş verib. Məlumata görə, itlər yük maşınının kuzovunda daşınarkən avtomobilin yolun üzərindəki maneədən keçməsi nəticəsində arxa qapı açılıb və 7 it yola düşərək ətrafa dağılıb.
İstintaq çərçivəsində əldə edilən təhlükəsizlik kameralarının görüntülərində yük maşınının yolda hərəkət etdiyi və maneədən keçdikdən sonra kuzovun arxa qapısının açıldığı görünür. Bundan sonra itlərin yola düşərək ətraf əraziyə yayıldığı bildirilir. Qısa müddət sonra itlərin yaxınlıqdakı insanlara hücum etdiyi və nəticədə azı 4 nəfərin xəsarət aldığı qeyd olunur.
İstintaq materiallarına əsasən, itlərin ilk olaraq Heyli Rayt və onun partnyoru Aaron Vestfara hücum etdiyi, daha sonra isə Encela Conson adlı şəxsin də itlərdən birinin hücumuna məruz qaldığı bildirilir.
Hücum zamanı ən ağır xəsarət alan şəxslərdən biri Heyli Rayt olub. Onun bədəninin müxtəlif nahiyələrində 100-dən çox dişləmə olduğu bildirilib. Heyli Rayt iki dəfə əməliyyat keçirib və xəstəxanada 10 gün müalicə olunub. Daha sonra xəstəxanadan evə buraxılan qadın yerli mediaya açıqlamasında hücum zamanı həyatı üçün ciddi narahatlıq keçirdiyini deyib.
Hadisə ilə bağlı aparılan araşdırma çərçivəsində itlərin sahibi olduğu bildirilən 44 yaşlı Rayşel Morrou və 75 yaşlı Rodni Morrou sentyabrın 16-da saxlanılıb. İki şübhəli sentyabrın 18-də girov qarşılığında sərbəst buraxılıb.
Onlara heyvanları tərk etmə, heyvanlara qarşı qəddar davranma, itlərin peyvəndlərini etdirməmə, quduzluq nişanı saxlamama, xəsarətlə nəticələnən təhlükəli it hücumu və heyvanların təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması ilə bağlı bir sıra ittihamlar irəli sürülüb. İş üzrə araşdırmanın davam etdiyi bildirilib.
