Fransız aktyor və rejissor Arnaud Denis 43 yaşında Belçikada evtanaziya proseduru ilə həyatını itirib. Onun həyatına son qoymaq qərarının 2023-cü ildə keçirdiyi qasıq yırtığı əməliyyatından sonra yaşadığı uzunmüddətli və ağır sağlamlıq problemləri ilə əlaqəli olduğu bildirilib.
Referans Media xəbər verir ki, Denis 17 iyul 2023-cü ildə sağ qasıq yırtığı səbəbilə əməliyyat olunub. Əməliyyat zamanı bədəninə polipropilen protez yerləşdirilib. Daha sonra müxtəlif sağlamlıq problemləri yaşadığını bildirən aktyor 2024-cü ilin aprelində implantın çıxarılmasını təmin edib. Lakin şikayətlərinin davam etdiyi qeyd olunur.
Məlumata görə, Denis implantın yaratdığı ehtimal edilən xroniki iltihablanma və digər sağlamlıq problemləri səbəbilə uzun müddət müalicə alıb. Həkimlərin ona miyaljik ensefalomielit və ASIA sindromu diaqnozları qoyduğu bildirilib. Aktyor 2026-cı ilin əvvəlində verdiyi açıqlamalarda şiddətli ağrılardan və gündəlik həyatının ciddi şəkildə məhdudlaşmasından danışıb. Denis tibbi müalicə imkanlarının tükəndiyini düşündüyünü və həyat keyfiyyətinin kəskin şəkildə aşağı düşdüyünü bildirib.
Arnaud Denis yaşadığı sağlamlıq problemləri ilə bağlı hüquqi mübarizəyə də başlayıb. O, 5 yanvar 2026-cı ildə Paris Prokurorluğuna “ehtiyatsızlıqdan xəsarət yetirmə” ittihamı üzrə müraciət edib. Lakin Fransa prokurorluğunun avqustun sonunda işi bağladığı bildirilir. Qərarın səbəbi kimi Denisin səhhətində yaranan problemlərlə əməliyyat zamanı yerləşdirilən implant arasında qəti elmi səbəb-nəticə əlaqəsinin müəyyən edilməməsi göstərilib.
Müalicə imkanlarının tükəndiyini düşünən Denis evtanaziyanın qanuni olduğu Belçikaya gedib. Məlumata görə, aktyor martın 18-dən etibarən palliativ yardım mərkəzində prosedurun tamamlanmasını gözləyib. Sentyabrın 22-də Namur şəhərində üç həkimin qiymətləndirməsindən və təsdiqindən sonra evtanaziya proseduru həyata keçirilib. Beləliklə, 43 yaşlı aktyorun həyatına son qoyulub.
Denis ölümündən əvvəl verdiyi mesajda yaşadıqlarının yalnız öz hekayəsi olmadığını və oxşar sağlamlıq problemləri yaşayan insanların səsinə çevrilmək istədiyini bildirib.
