İstanbulun Şişli rayonunda tanışlıq tətbiqi vasitəsilə tanış olduğu qadınla restorana gedən şəxs görüşdən sonra gözlənilməz hesabla qarşılaşıb. İddialara görə, restoranda ona 50 min lirə məbləğində hesab təqdim edilib. Şəxs təzyiq göstərildiyini bildirərək ümumilikdə 21 min lirə ödəyib və daha sonra polisə müraciət edib.
Referans Media xəbər verir ki, hadisənin Şişli rayonunda baş verdiyi bildirilir. Məlumata görə, şəxs mobil tanışlıq tətbiqi vasitəsilə tanış olduğu qadınla görüşüb. Qadının təklifi ilə ikili restorana gedib. İddiaya görə, qadın masaya qarışıq qızartma və şərab sifariş edib. Şəxs isə yalnız su içib. Təxminən bir saatlıq görüşdən sonra masaya hesab gətirilib.
İddiaya görə, hesabın məbləği 50 min lirə olub. Şəxs məbləğə etiraz edərək bu qədər pul ödəyə bilməyəcəyini bildirib. Bundan sonra restoran əməkdaşlarının onun çıxmasına mane olduğu və “ödəmədən buradan çıxa bilməzsən” deyərək təzyiq göstərdiyi iddia olunur. Şəxs hesabın 14 min lirəsini bank kartı ilə, daha 7 min lirəsini isə təqdim edilən IBAN hesabına köçürmə yolu ilə ödəyib. Beləliklə, ümumilikdə 21 min lirə ödədikdən sonra restorandan ayrılıb.
Restorandan çıxdıqdan sonra polis bölməsinə gedən şəxs həm görüşdüyü qadından, həm də restoranın məsul şəxslərindən şikayətçi olub. Onun iddiasına görə, restoranda yüksək məbləğdə hesab təqdim edilib və ödəniş etməsi üçün təzyiq göstərilib.
Məsələ ilə bağlı polis tərəfindən araşdırma başladıldığı bildirilir. Hadisənin bütün detalları və tərəflərin məsuliyyəti araşdırmanın nəticələrindən sonra müəyyənləşəcək.
