Məlum olduğu kimi, təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər.
Belə ki, TəhsilPlus kartı olan təhsil işçiləri noyabr ayı ərzində Bakı metrosu və avtobuslardan istifadə edərkən hər gün ilk gedişləri üçün cəmi 1 qəpik ödəyəcəklər. Sözügedən kampaniya 2–30 noyabr 2026-cı il tarixlərini əhatə edir və həftəiçi günlərdə (bazar ertəsi–cümə) keçərlidir.
Güzəştdən yararlanmaq üçün istifadəçilər ödəniş zamanı TəhsilPlus kartını Apple Pay və ya Google Pay vasitəsilə, NFC texnologiyasından istifadə etməklə təqdim etməlidirlər. Kampaniya çərçivəsində hər karta gündə yalnız bir dəfə güzəşt tətbiq olunur. Gün ərzində edilən ikinci və sonrakı gedişlər isə mövcud tariflər əsasında hesablanır.
Bəs bu cür güzəştlər gələcəkdə tələbələr və həssas kateqoriyadan olan insanlar üçün də nəzərdə tutula bilərmi?

Referans Media-ın məlumatına görə, bu barədə nəqliyyat eksperti Raqif Raufoglu "AzPolitika"ya açıqlamasında bildirib ki, bu kampaniyaya bir növ eksperiment kimi yanaşmaq lazımdır. Onun sözlərinə görə, bu təşəbbüs uzun müddətdir gözlənilən prosesin başlanğıcı kimi qiymətləndirilə bilər.
Ekspert hesab edir ki, bu mərhələdə güzəştin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçiriləcəksə, məsələnin reallaşdırılması müəyyən vaxt tələb edə bilər: “Çünki büdcə vəsaiti ilə bağlı məsələlərdə bürokratik prosedurlar daha çox olur. Belə qərarlar bir gün ərzində qəbul edilmir. Əvvəlcə müvafiq hesablamalar aparılmalı, güzəştin tətbiqi üçün nə qədər vəsait tələb olunduğu müəyyənləşdirilməlidir. Büdcədən bu məqsədlə ayrılacaq məbləğ əvvəlcədən hesablanmalı və təsdiqlənməlidir”.
"Düşünürəm ki, bu təşəbbüs tədricən digər əsas sərnişin qruplarını da əhatə edə bilər. Hələlik bunu bir eksperiment kimi qiymətləndirmək olar. Bu kampaniya vasitəsilə mexanizmin necə işlədiyi yoxlanılacaq, nəticələrə uyğun olaraq gələcək addımlar müəyyənləşdiriləcək. Qeyd etdiyim kimi, büdcə ilə əlaqəli məsələlərin həlli bir qədər uzun çəkir. Təkliflər təqdim olunur, müxtəlif prosedurlardan və mərhələlərdən keçir. Sonda isə təşəbbüsün dövlət büdcəsinə hansı məbləğdə başa gələcəyi hesablanır. Müvafiq qərarlar təsdiqləndikdən sonra bu güzəştlərin digər qruplara da şamil edilməsi mümkün olacaq. Ona görə də yaxın vaxtlarda digər sərnişin qrupları ilə, məsələn, tələbələrə və pensiyaçilara bağlı da müsbət xəbərlərin olacağına şübhə etmirəm”, – deyə ekspert bildirib.
