Kadir İnanırın mirası uğrunda qalmaqal: Ölümündən 17 gün əvvəl nə baş verib?

Kadir İnanırın miras qalmaqalı ilə bağlı yeni iddialar üzə çıxıb. Məşhur aktyorun həyat yoldaşı Jülide Kuralın vəkili Bişar Abdi Alınak iddia edib ki, Kadir İnanır reanimasiyada, intubasiya vəziyyətində olarkən bacısı oğlu Levent İnanır onun qəyyumu təyin olunmaq və əmlakına həbs qoyulması üçün məhkəməyə müraciət edib.

Referans Media xəbər verir ki, Türkiyə kinosunun əfsanəvi aktyorlarından olan Kadir İnanırın vəfatından sonra başlayan miras mübahisəsi yeni iddialarla gündəmə gəlib. Aktyorun uzun illər həyat yoldaşı olmuş Jülide Kuralın vəkili Bişar Abdi Alınak qardaşı oğlu Levent İnanırla bağlı diqqətçəkən açıqlamalar verib.

Vəkilin sözlərinə görə, Levent İnanır 9 iyun 2026-cı ildə Beykoz Sülh Hüquq Məhkəməsinə müraciət edərək dayısı Kadir İnanırın hüquqi fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını və özünün ona qəyyum təyin edilməsini istəyib. Həmçinin aktyorun bank hesablarına, daşınmaz əmlakına və avtomobillərinə məhkəmə tərəfindən həbs qoyulmasını tələb edib.

Alınak bildirib ki, həmin vaxt Kadir İnanır xəstəxanada ağır vəziyyətdə olub və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə həyat mübarizəsi aparıb.

Vəkilin açıqlamasına əsasən, iyunun 11-də hakim və ekspertlər Kadir İnanırla Jülide Kuralın birlikdə yaşadığı evdə əmlakın siyahıya alınması ilə bağlı araşdırma aparıblar. İyunun 24-də keçirilən məhkəmə iclasında isə Jülide Kuralın qəyyum təyin olunmasına qərar verilib. Kadir İnanır bu qərardan cəmi iki gün sonra – iyunun 26-da vəfat edib.

Bişar Abdi Alınak Levent İnanırın dayısının sağlığında onun mirası ilə bağlı hüquqi addımlar atdığını iddia edib. O, həmin günlərdə bütün Türkiyənin Kadir İnanırın səhhətindən xəbər gözlədiyini, özlərinin isə məhkəmədə Jülide Kuralı müdafiə etməli olduqlarını bildirib.

Vəkil həmçinin Kadir İnanırın 2015 və 2022-ci illərdə hazırladığı vəsiyyətnamələrdə əmlakını Jülide Kurala vəsiyyət etmək istədiyini qeyd edib. Onun fikrincə, sonrakı mübahisələr vəsiyyətnamənin ləğvinə zəmin hazırlamaq məqsədi daşıyıb.

Alınak Jülide Kuralın təhdid və şəxsi hüquqlarının pozulması ilə üzləşdiyini də iddia edərək Levent İnanır barəsində böhtan, dezinformasiya, şəxsi hüquqlara müdaxilə və şəxsi həyatın toxunulmazlığının pozulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini açıqlayıb.

Qeyd edək ki, Levent İnanırın vəkilin son açıqlamalarına münasibəti hələlik məlum deyil. Səsləndirilən iddialar qarşı tərəfin mövqeyi ilə təsdiqlənməyib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki