Ermənistanın Dövlət Gəlirləri Komitəsi Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 29-da imzaladığı fərmana uyğun olaraq, bu ölkədən Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Tacikistan və Özbəkistana nağd rubl çıxarılmasına məhdudiyyət tətbiq edildiyini xatırladıb.
Qaydalara əsasən, fiziki şəxslərin 1 milyon rubldan artıq nağd pul çıxarması qadağandır.
Məhdudiyyət Rusiyada yaşayan azərbaycanlıların pul köçürmələrinə və sahibkarların hesablaşmalarına necə təsir göstərir?
Referans Media-ın məlumatına görə, Globalinfo.az-a danışan İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib ki, müxtəlif dövlətlər vəsaitin ölkədən çıxarılması ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edə bilər:
“Azərbaycanda da bu cür məhdudiyyətlər mövcuddur. Məsələn, dollar vəsaitlərinin ölkədən çıxarılması ilə bağlı müəyyən qaydalar var. Rusiyanın da bu qərarını ölkənin Mərkəzi Bankı qəbul edib. Bu addım, ilk növbədə, dövriyyədə olan nağd pulun həcminə nəzarət etmək məqsədi daşıyır. Çünki pul köçürmələri vasitəsilə vəsaitin başqa ölkəyə çıxarılması daxili pul dövriyyəsinin həcminə təsir göstərir”.
Ruslan Atakişiyev
İqtisadçı bildirib ki, bu qərarın rublun dövriyyə sürətinə təsiri mümkündür:
“Hazırda sanksiyalar altında olan Rusiyada bu cür addımlar milli valyutanın üzən məzənnə rejimi çərçivəsində sabitliyini mümkün qədər qorumağa yönəlib. Bu, regionda nağd rubl dövriyyəsini azalda, pul köçürmələrinin daha çox banklar və rəsmi maliyyə kanalları vasitəsilə həyata keçirilməsinə səbəb ola bilər. Rusiyada yaşayan azərbaycanlılar üçün pul göndərməkdə əlavə çətinliklər yaranacağı ehtimal edilir. Ona görə də xüsusilə nağd vəsait daşımaqla pul köçürənlər alternativ üsullara keçməli olacaqlar”.
