Milli Məclisin plenar iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov son zamanlar Türkiyə mediasında Azərbaycana qarşı yer alan təxribatçı və aqressiv materiallara diqqət çəkib.
Referans Media xəbər verir ki, B.Məhərrəmovun sözlərinə görə, qardaş türk xalqının səmimi mövqeyinə rəğmən, “bir millət, iki dövlət” prinsipini sarsıtmağa, ölkədə separatçı meyllər yaymağa və dini kəsim arasında radikalizmi alovlandırmağa çalışan xarici kəşfiyyat şəbəkələrinə, eləcə də regiondakı yeni reallıqla barışmayan qüvvələrə qarşı qətiyyətli addımlar atılmalıdır.
Deputat bu cür təhdid mənbələrinin müəyyənləşdirilib ifşa olunması üçün analitik imkanların səfərbər edilməsini vacib sayıb və konkret təkliflərlə çıxış edib:
“Strateji səviyyədə hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı və parlamentlərin nəzarəti altında birgə işçi qrupları yaradılmalıdır. Bu təhlükəni yaradan şəxslər hüquqi müstəvidə cavab verməli və ən ağır şəkildə cəzalandırılmalıdırlar. Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq, müttəfiqliyimiz təkcə diplomatiyada deyil, eyni zamanda informasiya məkanında və insan amilində də eyni qətiyyətlə qorunmalıdır”.
B.Məhərrəmov ikinci təklifində ölkəmizin dini-mənəvi irsinin və inklüziv dəyərlərinin mühafizəsinə toxunub. O qeyd edib ki, din pərdəsi altında gizlənən, xarici kəşfiyyat tərəfindən idarə olunan radikal və virtual qruplar məktəbləri, müəllimləri hədəf alaraq dini təbliğat aparmağa çalışırlar ki, bu da milli təhlükəsizliyə və suverenliyə birbaşa təhdiddir.
Azərbaycanın dini-mənəvi dəyərlərə və inanclara yüksək ehtiram bəslənilən unikal bir ölkə olduğunu vurğulayan parlamentari, dini siyasiləşdirib qarşıdurma yaratmaq istəyənlərin təsirinə düşən vətəndaşlara müraciət edib:
“Otuz il ərzində Qarabağda və Şərqi Zəngəzurda məscidlərimizin viran edilməsinə, donuz pəyəsinə çevrilməsinə səssiz qalan bu qüvvələr kimlərdir? Bu gün həmin təhdid saçan çevrələrin haqqını müdafiə edənlər və cəmiyyətdə nifaq salanlar kimlərə xidmət edirlər? İslam dəyərlərinin, ziyarətgahların və müsəlman ümmətinin təhqir olunmasına göz yuman bu dini təhdidlərin dövlətimizə və cəmiyyətimizə etdiyi xəyanət heç vaxt bağışlanila bilməz”.
