Azərbaycanın İtaliyaya yeni təyin olunmuş səfiri Elçin Hüseynli etimadnaməsini ölkə Prezidenti Sercio Mattarellaya təqdim edib.
Azərbaycanın İtaliyadakı səfirliyindən Referans Media-ya verilən məlumata görə, rəsmi mərasimdən sonra keçirilmiş görüşdə səfir E.Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Prezident Sercio Mattarellaya çatdırıb.
Səfir Azərbaycan və İtaliya arasında qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin 2020-ci il fevralın 20-də Roma şəhərində “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması ilə yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, son illər ərzində həyata keçirilmiş ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin Azərbaycan-İtaliya dostluq və strateji tərəfdaşlıq əlaqələrinin, siyasi, enerji, iqtisadi-ticarət, humanitar, təhsil, mədəniyyət və digər sahələrdə institusional əməkdaşlığın və xalqlarımız arasında bağların daha da möhkəmləndirilməsi baxımından həlledici əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirən Prezident Sercio Mattarella öz növbəsində onun salamlarını həmkarına çatdırmağı xahiş edib. O, 2018 və 2025-ci illərdə ölkəmizə səfərlərini, Prezident İlham Əliyevin isə 2020, 2022 və 2024-cü illərdə İtaliyaya səfərlərini, onunla görüş və söhbətlərini məmnuniyyətlə xatırladığını deyib.
Sercio Mattarella ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrinin müstəsna əhəmiyyətini vurğulayıb, dostluq və çoxölçülü strateji tərəfdaşlığa əsaslanan bu münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Söhbətin yekununda Prezident Mattarella təyinatı münasibətilə səfiri təbrik edib və İtaliyadakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
