“27 ildir o sənədləri təqdim etmirlər” - Siyavuş Novruzovdan VACİB ÇIXIŞ

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov payız sessiyasının ilk iclasında çıxış edib.

Referans Media-ın məlumatına görə, deputat deyib ki, bələdiyyələrin gəlirlərinin artırılması və əhalinin problemlərinin həlli üçün sənədsiz evlərin qeydiyyatı məsələsinə baxılmalıdır.

Onun sözlərinə görə, bu gün evlər qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisi verməlidir, bu vergini vermir:

“Nəticə etibarilə, 300 min, 500 min evdən bu gün bələdiyyələr vergi yığa bilmir. Ona görə hesab edirik ki, Vergi Məcəlləsində və digər məcəllələrdə bu nəzərdə tutulmalıdır".

Siyavuş Novruzov qeyd edib ki, qeydiyyatda olan evlərə görə bələdiyyələrə əmlak vergisi ödənilir. Qeydiyyatsız evlərdən isə bələdiyyələr vergi toplaya bilmir:

“Bu məsələnin Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmasını hesab edirik”.

Komitə sədri təklif edib ki, bələdiyyələrə ödənilən vergilərlə bağlı fiziki və hüquqi şəxslərə fərqli yanaşılsın. Bildirib ki, digər sahələrdə fiziki və hüquqi şəxslər üçün fərqli tariflər tətbiq olunsa da, bələdiyyələrdə eyni yanaşmanın nəzərdə tutulması onların maliyyə imkanlarına mənfi təsir göstərir.

Komitə sədri bələdiyyələrin xəritələrinin təqdim olunmaması məsələsinə də diqqət çəkib:

“27 il keçməsinə baxmayaraq, bələdiyyələrin xəritələri hələ də verilmir. Bu xəritələr verildikdən sonra ərazilərlə bağlı məsələlər dəqiqləşdirilməlidir. Bu məsələyə də diqqət yetirilməlidir”.

Deputat qeyd edib ki, qaldırılan məsələlər yalnız Regional məsələlər komitəsinə aid deyil və digər komitələr də bunlara diqqət yetirməlidir. Onun sözlərinə görə, qanunvericilikdə müvafiq qərarların komitələrlə birgə qəbul olunması bələdiyyələrin inkişafına, ərazilərdə abadlıq və quruculuq işlərinə dəstək olar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki