Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qadınla bağlı HƏRƏKƏT

"Pakistanın Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlar ciddi narahatlıq doğurub".

Referans Media  bildirir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, məsələ ilə bağlı Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyi ilə əlaqə saxlanılır.

“Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlar bizi də ciddi narahat etdi. Qadınlara qarşı zorakılığın bütün formalarını qətiyyətlə pisləyirik.

Aldığımız məlumata görə, hadisə ilə bağlı iki şəxs məhkəmə qərarı ilə həbs olunub, digər iki şəxsin axtarışı isə davam etdirilir. Araşdırma Pakistanın hüquq-mühafizə orqanları tərəfindən aparılır.

Hazırda əsas məsələ zərərçəkmiş şəxsin təhlükəsizliyinin, hüquqlarının və məxfiliyinin qorunması, ona lazımi dəstəyin göstərilməsidir. Hadisə ilə bağlı insan alveri və istismar ehtimalının olub-olmaması da aidiyyəti qurumlar tərəfindən araşdırılır və hadisəyə hüquqi qiymət veriləcək”, - deyə açıqlamada qeyd olunub.

Komitə media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini də bu həssas məsələ ilə bağlı məlumat yayarkən zərərçəkmiş şəxsin kimliyinə, ləyaqətinə və təhlükəsizliyinə hörmət etməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki