MİNLƏRLƏ ŞƏXSƏ İŞ MÜJDƏSİ VERİLDİ:Milyardlarla dolların girəcəyi o sektorlar məlum OLDU - Bu tarixdən sonra hər şey dəyişəcək!

Azərbaycana yönələcək 5 milyard dollarlıq investisiyanın ölkə iqtisadiyyatına təsiri uzunmüddətli dövrdə özünü göstərə bilər. Xüsusilə enerji və qeyri-neft sektorlarına yönəldilməsi nəzərdə tutulan bu vəsait həm yeni iş yerlərinin yaradılması, həm də xarici kapitalın cəlbi baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Referans Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, sözügedən hadisə olduqca ciddi əhəmiyyət kəsb edir:

“5 milyard dolların investisiya kimi ölkə iqtisadiyyatına, xüsusilə də enerji və qeyri-neft sektorlarına yönəldilməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi töhfədir. Bu, ölkəyə yeni kapital axınının gətirilməsi istiqamətində mühüm layihə kimi qiymətləndirilməlidir.

Bu isə o deməkdir ki, logistika, tikinti və sənaye sektorlarında müəyyən qədər aktivlik artacaq. Yeni iş yerlərinin yaradılması enerji və infrastruktur layihələrinin icrasında minlərlə şəxsin işlə təmin olunması deməkdir. Eyni zamanda regionlardakı məşğulluq probleminin həlli istiqamətində də çox ciddi addım ola bilər.

Texnoloji transfer, yeni metodların öyrənilməsi, ABŞ və digər ölkələrin müvafiq şirkətləri ilə əməkdaşlıq təcrübəsinin əldə olunması, müasir texnologiyaların və idarəetmə təcrübəsinin tətbiqi, innovativ həllərin ölkəmizə gətirilməsi bu müqavilələrin təsiri ilə ölçülə bilər.

İmzalanmış sənədlər ilkin sənədlərdir. Bu istiqamətdə gələcəkdə əlavə müqavilələrin və sazişlərin imzalanması da mümkündür. Bu, eyni zamanda uzunmüddətli layihədir və Azərbaycan iqtisadiyyatının 2026-2027-ci illərdə qarşılaşa biləcəyi müəyyən çətinliklərin təsirinin azaldılmasına dəstək xarakteri daşıya bilər.

Hazırda dünyada regional münaqişələrin, logistik və maliyyə problemlərinin mövcud olduğu bir dövrdə belə investisiyanın və belə müqavilələrin əhəmiyyəti olduqca böyükdür. Xarici investisiya baxımından bu, Azərbaycan üçün yeni beynəlxalq investorların cəlb edilməsinə imkan yarada bilər. Xüsusilə yaşıl enerji və infrastruktur layihələri ilə bağlı xarici kapitalın cəlb olunmasında mühüm amilə çevrilə bilər.

Hər hansı müqavilə həmin ölkəyə olan inamı artırır və sərmayələrin cəlb olunması baxımından böyük önəm daşıyır. Məşğulluğa təsiri də olduqca vacibdir. Minlərlə insanın işlə təmin olunmasına şərait yarada, yüksək təcrübəyə və ixtisasa malik şəxslərin beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi aparmasına imkan verə bilər.

Uzunmüddətli iqtisadi artım baxımından da bu layihələrin xüsusi çəkisi olacaq. Elektrik enerjisi və yaşıl enerji ixracı istiqamətində yeni gəlir mənbələri formalaşa bilər ki, bu da ölkənin iqtisadi inkişafına ciddi töhfə vermək potensialına malikdir.

Əsas məqamlardan biri də neft-qaz sektorundan asılılığın azalmasına töhfə verə bilməsidir. Bu isə hazırda Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələlərdən biridir.

Yaşıl enerji istiqamətində xarici texnologiyalarla yerli təcrübənin inteqrasiyası zamanı müəyyən çətinliklər yarana bilər. Bu səbəbdən innovativ həllərin tətbiqi vacibdir ki, beynəlxalq təcrübə ilə ayaqlaşmaq mümkün olsun. Güman edilir ki, bu istiqamətdə də müəyyən layihə və proqramların həyata keçirilməsi nəzərdə tutulur.

Ümumilikdə, xarici investisiyaların axını, qeyri-neft sektorunun inkişafı, vətəndaşların işlə təmin olunması və ölkə iqtisadiyyatının inkişafı baxımından bu, çox önəmli qərardır. Müqavilədə nəzərdə tutulan imkanlardan səmərəli istifadə olunacağı təqdirdə, yeni iş yerlərinin yaradılması və əlavə investisiyaların cəlb edilməsi hesabına daha ciddi nəticələr əldə etmək mümkün olacaq.”

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki