Semih Kılıçsoy Dünya Kubokunda iştirak etməyi qarşısına əsas məqsəd qoyub. Hazırda Kalyari Kalçio formasını geyinən gənc hücumçu son doqquz oyunda vurduğu dörd qolla Türkiyə millisinin baş məşqçisi Vincenzo Montellanın diqqətini çəkməyi bacarıb.
Referans Media xəbər verir ki, Montella futbolçunu şəxsən ziyarət edib və üzərində Kılıçsoyun adı yazılmış Kalyari forması ilə klubdan ayrılıb.
Semih Kılıçsoy indiyədək millidə ümumilikdə 62 dəqiqə forma geyinib. O, İtaliya və Polşaya qarşı yoldaşlıq oyunlarında 53 dəqiqə, UEFA Avro 2024 çərçivəsində Niderlanda qarşı matçda 1 dəqiqə, Millətlər Liqasında isə Monteneqroya qarşı görüşdə 8 dəqiqə meydanda olub.
11 oyunda vurduğu 6 qolla U-21 millisinin əsas simalarından biri olsa da, artıq A millidə daimi yer qazanmaq istəyir. Türkiyə yığması mart ayında Dünya Kubokuna vəsiqə uğrunda pley-off yarımfinalında Rumıniya ilə üz-üzə gələcək.
Əvvəllər “Türk Aquerosu” ləqəbi ilə tanınan və transfer hüquqları Beşiktaş klubuna məxsus olan futbolçunun məqsədi dəqiqdir: ABŞ, Meksika və Kanadada keçiriləcək 2026 Dünya Kubokunda iştirak etmək.
Bu məqsədlə o, Superliqadan ayrılaraq Kalyariyə transfer olunub. Avropanın beş aparıcı liqasından birində çıxış edərək inkişafını göstərmək və Montellanın diqqətini qazanmaq əsas plan idi.
20 yaşlı hücumçu mövsümün ilk aylarında Serie A-da doqquz oyun ərzində demək olar ki, şans qazana bilmədi. Sonradan meydana daxil olduğu qarşılaşmalarda isə əsasən son dəqiqələrdə oynadı. 21 dekabra qədər cəmi iki dəfə – hər ikisi İtaliya Kubokunda – start heyətində yer aldı.
Lakin son həftələrdə daha çox şans qazanan Kılıçsoy vurduğu qollarla özünü sübut etməyə başlayıb və əsas hədəfi dəyişməz qalır: 2026 Dünya Kuboku.























