Referans Media xəbər verir ki, müvafiq qərar AFFA İntizam Komitəsinin son iclasında verilib.
Misli Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Kəpəz” – “Neftçi” görüşündə qeydə alınan qayda pozuntuları tərəflərin büdcəsinə ziyan vurub. Gəncə təmsilçisinin oyunçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna yol verərək birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 matçlıq diskvalifikasiya edilib, klub isə buna görə 1 000 manat ödəyəcək.
Həmin qarşılaşmada “Kəpəz” tərəfdarlarının rəqibin ünvanına kütləvi təhqirlər səsləndirməsi cari mövsümdə dördüncü dəfə baş verdiyindən, klub əlavə olaraq 8 000 manat cərimə olunub. Analoji hal “Neftçi”də də yaşanıb və paytaxt təmsilçisi də azarkeşlərinin işlətdiyi təhqiramiz ifadələrə görə 8 000 manat məbləğində cərimələnib.
“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə aldığı üçün kluba 700 manat cərimə kəsilib. “Sumqayıt”ın forvardı Aleksandr Ramalinqom isə aqressiv davranış nümayiş etdirərək birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb və klubu 3 000 manat ziyana salıb.
Bundan başqa, “Sumqayıt” azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin kütləvi şəkildə təhqir olunması səbəbindən klub əlavə olaraq 6 000 manat cərimə ödəyəcək.//publika.az























