Tanınmış aktyor, Xalq artisti İlham Namiq Kamalın son vaxtlar televiziya ekranlarında görünmədiyi bildirilir. Əvvəllər tez-tez verilişlərdə iştirak edən, sənətkar mövqeyi ilə seçilən aktyorun efirdə olmaması tamaşaçılar tərəfindən müzakirə olunur. Bəziləri bunu televiziya proqramlarının məzmun dəyişiklikləri ilə əlaqələndirsə də, digərləri onun hər verilişə getmədiyini qeyd edir.
Globalinfo.az məsələni aydınlaşdırmaq üçün İlham Namiq Kamalla əlaqə saxlayıb.
Xalq artisti AzTV, İTV və Mədəniyyət kanalında yayımlanan səviyyəli verilişlərə çıxdığını bildirib:
“Mən niyə hər kanala getməliyəm? Hər verilişə deyil, ürəyim istəyənlərə gedirəm. Məni görmək fikrində olanlar tamaşalara gələ bilərlər. Düzdür, iki gün öncə mövsümü bağladıq, amma sentyabr ayından tamaşalarımıza start veriləcək. İnsanlar səviyyəli verilişlərdə çıxış etməlidirlər. Toyxana proqramları mənim tərzimə uyğun deyil. Hər gün efirlərə çıxmasaq da, fəaliyyətimizi davam etdiririk”.