Son
günlər Bakının müxtəlif ərazilərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində
Aİ-95 markalı benzinin satışında fasilələr yaranıb. Sürücülər sosial şəbəkələrdə
bu yanacaq növünün tapılmamasından şikayətlənirlər. Vətəndaşlar arasında vəziyyətin
nə ilə bağlı olduğu və nə qədər davam edəcəyi ilə bağlı suallar yaranıb.
Bəs bunun
səbəbi nədir? Bu bir müddət sonra benzinin qiymətinin qalxmasına səbəb ola bilərmi?
Respublikaçı Alternativ (REAL)
Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli Referans-a
açıqlamasında bunun əsas səbəbinin Aİ-95 markalı benzini Azərbaycanda çox az
istehsal edilməsi olduğunu deyib.
“Bu
benzin növü daha çox Ruminiya və Rusiyada idxal edilirdi. Ukraynanın dronlarının
Rusiyanın bir çox neftayırma zavodlarına hücumları nəticəsində Aİ-95 markalı
benzinin istehsal zəncirini darmadağın etdi. Bir çox yerlərdə istehsal azalıb. Rusiyada
istehsal azaldığına görə onlar daxili bazara köklənirlər, xarici bazara ixraca
önəm vermirlər. Buna görə də, Azərbaycan Aİ-95 markalı benzinin gətirilməsində
çətinlik çəkir. Hazırda Ruminiyadan gətirilməyə çalışılır. Ona görə də düşünürəm
ki, bu qıtlıq müvəqqəti xarakter daşıyır”.
Ekspert
qeyd edib ki, benzin azlığı hazırda onun qiymətinin artımına səbəb verəcək qədər çox deyil.
“Aİ-95
markalı neftin qiyməti dövlət tərəfindən tənzimlənmir. Bu əslində, sərbəst tənzimlənməlidir.
Amma hazırda bazarda bir oyunçu var. SOCAR-ın törəmə şirkətləri onu gətirir.
Belə nəticəyə gəlirik ki, onlar istədikləri zaman qiyməti artıra bilərlər. Amma
hazırda bu qiymətin artmasına heç bir əsas yoxdur. Çünki dünya bazarında neftin
qiyməti 70 dollardan da aşağıdır”.
Fidan
Vəlisoy