Bu gün Azərbaycan idman jurnalistikasının tanınmış simalarından biri, özünəməxsus dəsti-xətti, üslubu və səs tembri ilə yadda qalan, peşəsinə bağlılığı və zəhmətkeşliyi ilə seçilən mərhum Elnur Əşrəfoğlunun doğum günüdür.
İllərlə televiziya ekranlarından, stadionlardan, qəzet-jurnal səhifələrindən tanıdığımız Elnur Eşrəfoğlu yaddaşımızda hər zaman səmimiyyəti, peşəkarlığı və idmana olan sevgisi ilə qalıb. Bu gün isə onu yalnız tamaşaçılar, idmansevərlər, futbolsevərlər yox, ailəsi də böyük həsrətlə xatırlayır.
“Referans Media”ya danışan qardaşı Rəşad Şükürovla Elnurun yaddaşlarda necə iz buraxdığını, bir qardaş, bir insan və bir peşəkar olaraq kim olduğunu xatırlayırıq…
– Rəşad bəy, salam. Məlumdur ki, bu gün Azərbaycanın idman jurnalistikasının ən peşəkar nümayəndələrindən biri – qardaşınız Elnur Əşrəfoğlunun doğum günüdür. Elnur Əşrəfoğlu ilə qardaş olmaq necə bir duyğudur? O, qardaş kimi necə qardaş idi?
– Elnur Əşrəfoğlu ilə qardaş olmaq, təbii ki, şərəfli bir duyğudur. Elnur Müstəqil Azərbaycanın İdman Jurnalistikasının əsaslarını qoymuş şəxslərdən biridir. Əlbəttə, onun mənə olan münasibəti, ümumiyyətlə ailəyə olan münasibəti tamamilə bir aristokrat münasibət olub. Elnur, demək olar, hər kəsə belə münasibət bəsləyib. Ümumiyyətlə isə, o, hətta belə deyək də, ən yaxın dostlarını belə, qardaşından ayrı tutmurdu, bunu onun dostları da təsdiqləyə bilər. Elnur bir qardaş kimi mənə həmişə arxa-dayaq idi. Məsləhətlər verməyi bir yana, bəzən olurdu ki, özü də hansısa bir sıxıntı olanda, mənə zəng edirdi, dərdləşirdik, söhbət eləyirdik. Onun yoxluğu elə bil mənim üçün böyük bir işığın sönməsidir. Çox işıqlı bir adam idi. Biz daha çox telefonla əlaqə saxlayırdıq. Həftədə bir dəfə görüşüb, bir yerdə olurduq.
– Həmişə belə olub?
– Yox təbii ki. 90-cı illərin ikinci yarısına qədər çox tez-tez görüşürdük. Elnur televiziyaya işə düzələndən sonra, onu tapmaq olmurdu, məşğul idi. İşini sevməsi, işinə məsuliyyətlə yanaşmasından dolayı bekar vaxtı az olardı. Normal idi. Hətta arada çətinliklə də olsa, dostlarla yığışıb futbol oynayırdıq. Meydanda amansız idi, meydandan kənarda isə həlim: uşaqla uşaq, böyüklə böyük.
Elnur Əşrəfoğlu 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Qaçqınlıq bizi doğma Zəngilandan aralı saldı. Bilirsiniz ki, Zəngilan 1993-cü ildə işğal olundu. Bu, Elnura çox pis təsir etmişdi. Sanki onun ruhu işğal olunmuşdu. Çünki rayona, torpağa bağlı bir adam idi.
Zəngilan işğal olunmazdan qabaq, o, rayona adətən qatarla gəlirdi, həm də səhər tezdən. Səhər o başdan görürdük ki, odur e, saat 6-da gəldi-çıxdı. Elnurun rayon sevgisi bambaşqaydı, otur “bolet” elə. Elnur rayonumuzda futbol komandası da yaratmışdı. Tətil vaxtı hamını başına yığardı, hamı ilə söhbətləşər, öz fikirlərini bölüşərdi. Onun rayona gəlişi həm öz dostları üçün, həm də ailəmiz üçün toy–bayrama çevrilirdi.
Təbii ki, Zəngilanın işğalı ona ağır bir yük oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər ordumuz Zəngilanı azad edəndə, Elnur uşaq kimi atılıb-düşür, sevinirdi. Deyirdi, mütləq Zəngilana getmək lazımdır. Lakin bundan ötrü əvvəlcə Zəngilanda minalar təmizlənməli və xüsusi icazə alınmalı idi. Onun da işdən-gücdən, müalicələrdən elə də çox vaxtı olmadı ki, gedə bilsin. Amansız ölüm onu bizdən ayırdı. Ona görə də nisgilli qaldı. Çox təəssüf ki, doğma yurda gedə bilmədi. Yaxşı xatirimdədir, həmişə deyirdi ki, Zəngilan mütləq işğaldan azad olunacaq və orada bir idman klubu yaratmaq lazımdır. Çünki Zəngilanda vaxtilə həm yaxşı futbol komandası vardı, həm də güclü şahmat oynayanlar. Elnur özü də yaxşı şahmat oyanırdı. Dərəcəsi də var idi. Deyirdi, rayonun bütün istedadlı uşaqlarını bir çatı altına toplamaq üçün idman klubu yaratmağa zərurət var. Qoy burada voleybol olsun, futbol olsun, şahmat olsun, idmanın hər növündən olsun. İdmanla nəfəs aldığı üçün Zəngilanda idman klubunun fəaliyyət göstərməsini çox istəyirdi.
– Elnur Əşrəfoğlunun ən çox arzuladığı nə idi? Fikrinizcə, bu gün Elnur Əşrəfoğlunun hansı arzuları gerçəkləşib?
– Onun bir arzu-istəyi vardı: oğlu Mətini futbolçu kimi görmək. Yığma komandada oynamasını istəyirdi. Evdə özü qapı düzəltmişdi, bütün gün Mətinə deyirdi ki, sağla vur, solla vur. Çox istəyirdi ki, oğlu futbolçu olsun. Düşünürəm ki, Mətin elə Elnurun yolunu gedəcək. Əlbəttə, övladının ali təhsil almasını da arzu edirdi. Qızı Zöhrə indi İqtisad Universitetinin 2-ci kurs tələbəsidir. Şübhə etmirəm ki, Elnurun ruhu aramızdadır və uşaqlarını belə görmək onun ruhunu çox şad edir.
– Elnur Əşrəfoğlu ilə bağlı maraqlı bir xatirənizi bölüşməyinizi istərdik…
– Xatirələrimiz o qədərdir ki, danışmaqla qurtara bilməz. Çox baməzə adam idi. Bəzən görürdün, sözləri satira ilə deyir, sonra başa düşməyəndə, deyirdi, get filankəsi oxu. Məsələn, Üzeyir bəyi oxu və ya Haqverdiyevi vərəqlə. Özünün də bir aktyorluq istedadı vardı. Fantaziyalı adam idi. Elnurun özü bir televiziya idi. Ən maraqlı xatirələrimizdən birini danışım da: deməli, Zəngilanda məhəllələrarası futbol çempionatı keçirilərdi.
Bir dəfə xəbər çıxdı ki, bəs rayonumuzda idarələrarası çempionat keçiriləcək. Səhv eləmirəmsə, 1991-92-ci illər olardı. Bizim ev də Zəngilanda düz işıq idarəsinin yanında yerləşirdi. Orada bir transformator var idi. Təbii ki, o vaxtlar işıq zəif idi, elektrik enerjisinin çatışmayan vaxtlarıydı. Həmin transformator gücə düşüb tez-tez yanardı. Qərar verdik ki, məhəlllənin adından yığışıb futbol komandası yaradaq və çempionata qoşulaq. Çoxları həmin komandaya naşı kimi yanaşmışdı. Elnur həmin komandanın adını “Alov” qoymuşdu. Lakin əksinə oldu, o qədər yaxşı çıxış elədik ki, həmin komanda yalnız finalda uduzdu. Təbii ki, heç kimin gözləmədiyi bir hadisə baş vermişdi. Elnur ora elə uşaqlar aparmışdı ki, sanki əsl komanda formalaşdırmışdı.
– Şübhə yoxdur ki, Elnur Əşrəfoğlunun xatirəsi onu tanıyanlar və sevənlər üçün daim əzizdir. Elnurun xatirəsinin əbədiləşdirilməsi istiqamətində hansısa arzu və istəyiniz varmı?
– Xatirəsini əbədiləşdirmək üçün, mən bir dəfə Mətbuat Şurasına təklif vermişdim ki, Elnur “Əməkdar İdman Jurnalisti” adını alsın. Düşünürəm, o, buna layiq idi. Amma belə bir təqdimat olmadı. Əlbəttə, çox yaxşı olardı ki, Elnurun xatirəsi doğulduğu Zəngilan rayonunda necəsə əbədiləşdirilsin. Həm də çox istəyirəm ki, bizim mətbuatda hansısa bir dövlət orqanı idman jurnalistlərinin illik mükafatını Elnur Əşrəfoğlunun adıyla təqdim etsin. Çünki qeyd etdiyim kimi, o, Müstəqil Azərbaycan Mediasının əsas şəxslərindən biri olub. Bu baxımdan çox istəyərdim ki, Elnurun adı idman jurnalistlərinə uyğun mükafatla əbədiləşdirilsin.
Söhbətləşdi: Bünyamin Bünyadzadə
P.S. Biz də öz adımızdan peşəkar televiziya aparıcısı, istedadlı idman jurnalisti dəyərli Elnur Əşrəfoğluna Allahdan rəhmət diləyirik. Ümidvarıq ki, Elnur Əşrəfoğlunun əziz xatirəsi onu sevənlərin ürəyində əbədi qalacaqdır. Həmçinin inanırıq ki, bir gün gələcək onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət tərəfindən lazımi addımlar atılacaq…