“Onun necə ağladığını görürdüm” – Çingiz Abdullayevbackend

“Onun necə ağladığını görürdüm” – Çingiz Abdullayev

  Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Elçin Əfəndiyev ötən gün vəfat edib.

Referans-ın məlumatına görə, incəsənət nümayəndələri onunla bağlı xatirələrini bölüşüb.

Xalq yazıçısı Çingiz Abdullayev E.Əfəndiyevlə dostluqlarından danışıb:

“Dünəndən fikirləşirəm ki, Elçinlə tanış olanda 43 yaşı var idi. Bu 40 ildə neçə ölkədə bir yerdə olmuşuq. Onun, mənim yubileylərimi keçirtmişik. 29 il əvvəl onun atası İlyas Əfəndiyev rəhmətə gedəndə mən, Anar və Elçin otaqda tək qaldıq. Onun necə ağladığını görürdüm. Onun atasına hörmət etməsi mənim üçün nümunə oldu. Taleyə bax, indi Elçin rəhmətə gedib və mən onun ailəsinə başsağlığı verirəm. Böyük yazıçı olub. Yazıçı orden, ad almaq üçün yox, susa bilmədiyi üçün yazır”.

Xalq artisti Hacı İsmayılov isə E.Əfəndiyevin teatra tez-tez gəlməsindən, onun pyeslərindən söz açıb:

“Fəxr etməliyik ki, yaşadığımız dövrdə belə görkəmli yazıçı, Azərbaycan ədəbiyyatına, ictimaiyyətinə xeyirli işlər görmüş şəxsiyyət olan biri var idi. Onu hamı sevirdi, hörmət edirdi. Onu tək Azərbaycanda yox, xaricdə də çox istəyirdilər. Elçin Əfəndiyev şəxsiyyət idi. Bizim teatra nə zaman pyes gətirirdisə, ona şübhə olmurdu və tamaşaya qoyulurdu. Onun ssenarisi əsasında hazırlanan tamaşalar uzun illərdir teatrdadır. Mehriban Ələkbərzadə onun bir əsəsrini səhnələşdirdi. Hamı oturmuşduq, qəfildən qapı açıldı və Elçin daxil oldu. Səhhətində problem var idi, amma bunu hiss etdirmədi. Yeganə insan idi ki, “Azdrama”nın qapısını tez-tez açırdı, tamaşalara gəlirdi. Hər zaman İlyas Əfəndiyevin yerində otururdu. Teatr sənətini çox sevirdi”.(Axşam.az)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki