Noyabrın 25-də Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb. Püskürmənin təxminən 15 dəqiqə davam etdiyi və 2 kilometr dərinlikdə baş verdiyi bildirilib. Hadisə palçıq vulkanlarının geoloji proseslərə təsiri, ətraf ərazilər və kənd təsərrüfatı sahələri üçün yarada biləcəyi təhlükələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, seysmoloji proseslər palçıq vulkanlarına o qədər də ciddi təsir göstərmir.
Onun sözlərinə görə, palçıq vulkanları adətən yerin təxminən 2-3 kilometr dərinliyində püskürür və püskürmə nəticəsində səthə çıxan məhsullar əsasən su ilə qarışmış, durulaşmış, yüksək gil tərkibli palçıq kütləsindən ibarət olur.
Ekspert qeyd edib ki, palçıq vulkanları dünyada əsasən Taman yarımadasından Abşeron yarımadasına qədər uzanan ərazilərdə neft və qaz yataqlarının göstəricisi kimi yayılıb. Bu vulkanlar həmin ərazilərdə neft-qaz ehtiyatlarının mövcudluğunun indikatorları hesab olunur.
Ənvər Əliyevin sözlərinə görə, palçıq vulkanları Azərbaycan ərazisində, xüsusilə Abşeron yarımadasında geniş yayılıb. Vaxtilə Qobustan ərazisində də belə vulkanlar fəaliyyət göstərib. Şamaxı yolu və Qaradağ istiqamətində müşahidə olunan alçaq təpəliklərin bir qismi də palçıq vulkanlarının püskürmə məhsulları əsasında formalaşıb.
O bildirib ki, palçıq vulkanlarının təbiətə təsiri baxımından əsas təhlükə seysmik proseslərlə deyil, torpaq örtüyünə, xüsusilə əkin sahələrinə vurduğu ziyanla bağlıdır. Belə püskürmələr nəticəsində ərazilərə yayılan kütlə münbit torpaq deyil, əsasən palçıq və gil tullantılarından ibarətdir.
Ekspertin sözlərinə görə, həmin kütlələr bəzən əkin sahələrini, yaşayış məntəqələrinin ətrafını və çay vadilərini əhatə edərək torpaqların təsərrüfat dövriyyəsindən çıxmasına səbəb olur. Bu ərazilərdə heyvanların otarılması və kənd təsərrüfatı fəaliyyəti də çətinləşir.
Ənvər Əliyev qeyd edib ki, palçıq vulkanlarının püskürməsi nəticəsində örtülən ərazilərin yenidən torpaq qatına çevrilməsi uzun müddət tələb edir. Onun sözlərinə görə, bu proses onilliklər, yüzilliklər, hətta minilliklər ərzində baş verə bilər.
Ekspert bunu ərazidə yağıntının az olması ilə əlaqələndirib. Bildirib ki, quraq şəraitdə mikroorqanizmlər və digər təbii proseslər palçıq kütləsini torpağa çevirməkdə çətinlik çəkir. Halbuki torpağın üst münbit qatının formalaşmasında mikroorqanizmlərin və digər canlıların mühüm rolu var.
O əlavə edib ki, palçıq vulkanlarının püskürməsi zamanı bəzən partlayışlar və alov məşəli şəklində yüksələn qazlar müşahidə olunur. Sonradan səthə çıxan palçıq ətrafa yayılaraq geniş əraziləri örtə bilir. Belə ərazilərdə bitki örtüyünün yenidən formalaşması da yüzilliklər, hətta minilliklər tələb edə bilər.
Ənvər Əliyev xatırladıb ki, 1926-cı ildə baş verən palçıq vulkanı püskürməsi nəticəsində iki çoban və yüzlərlə qoyun tələf olub. Onun sözlərinə görə, bu, palçıq vulkanlarının törətdiyi ən nadir və ciddi ziyanverici hadisələrdən biri kimi tarixə düşüb.
Ekspert Azərbaycanın ərazisində sönmüş və fəaliyyətdə olan palçıq vulkanlarının ümumi sayının təxminən 400-ə çatdığını bildirib. Onun fikrincə, insanların gözü qarşısında püskürməsi müşahidə olunan vulkanlar fəaliyyətdə olan palçıq vulkanları hesab edilməlidir.
Coğrafiya İnstitutunun şöbə müdiri vurğulayıb ki, palçıq vulkanları seysmoloji baxımdan ciddi təhlükə yaratmasa da, digər geoloji proseslərə, xüsusilə torpaq sürüşmələrinə səbəb ola bilər.
Onun sözlərinə görə, vulkanların ətrafında yaranan gil qatları küləyin gətirdiyi yumşaq torpaqla örtülür. Yağıntı düşdükdə isə xüsusilə meyilli dərələrdə və yamaclarda sürüşmə hadisələri baş verə bilər.
Gülnaz Abdullazadə
