Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh sazişi 2027–2028-ci illərdə imzalanmalıdır. Lakin o, həmçinin ölkədə Konstitusiya dəyişikliyinin 2031-ci ildə baş tuta biləcəyinə dair fikirlər səsləndirir.
Maraqlıdır ki, Bakının əsas tələblərindən biri məhz Azərbaycana qarşı ərazi iddialarının Ermənistanın siyasi gündəliyindən bütün səviyyələrdə çıxarılması üçün Konstitusiyanın dəyişdirilməsidir. Paşinyan da bu tələbin fərqindədir.
Ermənistan liderinin məqsədi nədir? Paşinyan erkən sülh və təxirə salınmış Konstitusiya dəyişikliyi planı ilə nəyə nail olmağa çalışır?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Paşinyan səmimi deyil:
“O, bir sıra dairələrin geosiyasi oyunlarının iştirakçısı kimi görünür. Ancaq Paşinyan primitiv oynayır. Əvvəl sülh sazişi, sonra Konstitusiyaya dəyişiklik demək bəlkə də daxili auditoriya üçün ola bilər. Ermənistan lideri və onun havadarları bilməlidirlər ki, qarşılarında müasir siyasi liderliyin ön cəbhəsində olan Azərbaycan Prezidenti var. Kimliyindən asılı olmayaraq, Azərbaycanın haqqına göz dikənlər cavablarını alırlar.
Füzuli Qurbanov
Ümumiyyətlə, Paşinyanın söylədikləri boş və əsassız iddialardır. Burada üç məqsəd var: sülhü arxa plana atmaqla revanşist iddiaları da davam etdirmək, geosiyasətdə gedən proseslərin aydınlaşması üçün vaxt qazanmaq və daxili siyasi qüvvələri ətrafında cəmləşdirməklə əsas rəqiblərini neytrallaşdırmaq.
Ancaq bütün hallarda bu, absurd iddiadır. Ermənistan Konstitusiyasından aqressiv müddəaları çıxarmalıdır, əks halda, 29 min kvadrat kilometr ərazimizi azad etməli olacağıq”.
