"Maliyyə Nazirliyi 2027-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. İlkin proqnozlara əsasən, gələn il dövlət büdcəsindən 42,4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur".
Referans Media-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, bu göstərici 2026-cı il üzrə proqnozlaşdırılan xərclərlə müqayisədə 700 milyon manat çoxdur. Eyni zamanda, büdcə icrasının yekun nəticələri nəzərə alındıqda, növbəti ilin xərcləri ilə faktiki icra göstəriciləri arasında fərqin daha böyük olması gözlənilir:
"Struktur islahatlarının davam etdirilməsi və şəffaflığın artırılması istiqamətində tətbiq olunan yeni mexanizmlər dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin yüksəldilməsinə imkan verəcək. Bu proses ayrı-ayrı sektorlar üzrə maliyyələşmənin artırılmasına da şərait yaradacaq.
2027-ci ildə sosial sahə dövlət büdcəsinin əsas prioritet istiqamətlərindən biri olaraq qalacaq. Gələn ilin yanvar ayından əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Əmək pensiyalarının artımı qanunvericiliyə uyğun olaraq 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə əsasən müəyyən ediləcək. İndeksləşdirilmiş pensiyaların hesablanması və ödənilməsi yanvar ayından həyata keçiriləcək.
Pensiya artımının təxminən 1,1 milyon vətəndaşı əhatə edəcəyi bildirilir. Artım yaşa görə, əlilliyə görə, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərə şamil olunacaq. Bununla bağlı xərclər həm dövlət büdcəsində, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulub.
Bundan başqa, bu ilin fevralında qanunvericiliyə edilmiş və Prezident tərəfindən təsdiqlənmiş dəyişikliklərə əsasən, minimum əməkhaqqının ildə ən azı bir dəfə artırılması nəzərdə tutulur. Bu baxımdan, 2027-ci ilin fevral ayınadək minimum əməkhaqqının artırılması gözlənilir.
Ümumilikdə, gələn il sosial proqramların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 17 milyard manatdan artıq vəsait ayrılması planlaşdırılır. 2027-ci ilin dövlət büdcəsində sosial öhdəliklərlə yanaşı, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, həmin ərazilərdə iqtisadi fəaliyyətin genişləndirilməsi, eləcə də təhsil, səhiyyə və iqtisadi inkişaf kimi prioritet istiqamətlərin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin artırılması nəzərdə tutulur.".
