Kişilər üçün vacib xəbərdarlıq: Yuxu şəraiti reproduktiv sağlamlığa təsir göstərə bilər

Sərin temperatur təkcə yuxunun keyfiyyətinə deyil, həm də kişi reproduktiv sağlamlığına müsbət təsir göstərə bilər.

Referans Media xəbər verir ki, bu barədə CNN-ə danışan uroloq və robotik cərrah, "Orlando Health" tibb mərkəzinin həkimi, həmçinin Mərkəzi Florida Universitetinin Tibb Kollecinin dosenti Yamin Brahmbat bildirib.

Onun sözlərinə görə, xayaların bədəndən kənarda yerləşməsinin əsas səbəbi sperma istehsalı üçün bədən temperaturundan bir neçə dərəcə aşağı mühitə ehtiyac olmasıdır.

“Optimal sperma istehsalı daha aşağı temperaturda baş verir. Buna görə də gecə yatarkən geyindiyiniz paltar və ya ümumiyyətlə geyinib-geyinməməyiniz müəyyən rol oynaya bilər”, – deyə həkim vurğulayıb.

Həddindən artıq istilik sperma keyfiyyətini azalda bilər
Brahmbat qeyd edib ki, Harvard Universiteti tərəfindən aparılmış genişmiqyaslı araşdırmaya əsasən, boks tipli alt paltarı geyinən kişilərdə sperma konsentrasiyası dar alt paltarı geyinənlərlə müqayisədə daha yüksək olub.

Onun fikrincə, əsas məsələ alt paltarının dar olması deyil, yaratdığı istilikdir.

“Dar alt paltarları bədən istiliyini saxlayır. Eyni səbəbdən isti vannalar və dizüstü kompüterlərin uzun müddət qucaqda istifadəsi ilə bağlı xəbərdarlıqlar edilir. Problem sıxlıqdan çox, istiliyin bədəndə qalmasıdır”, – deyə o izah edib.

Mütəxəssis bildirib ki, sərin otaqda yatmaq – istər paltarsız, istərsə də nəfəs alan, yüngül geyimlə – gecə ərzində istiliyin azalmasına kömək edə bilər.

Bundan əlavə, keyfiyyətli yuxu testosteron hormonunun istehsalını da artırır.

“Testosteron əsasən yuxu zamanı sintez olunur. Daha dərin və keyfiyyətli yuxu enerji səviyyəsini, əhval-ruhiyyəni və cinsi funksiyanı dəstəkləyir. Hormonal balansın yaxşılaşması isə libidoya müsbət təsir göstərir”, – deyə Brahmbat bildirib.

Həkim əlavə edib ki, bu faydaları əldə etmək üçün mütləq paltarsız yatmaq lazım deyil.

“Əsas məsələ sərin şəraitdə yatmaqdır. Əgər paltarsız yatmağa üstünlük verirsinizsə, gigiyena baxımından yataq dəstlərini daha tez-tez yumaq tövsiyə olunur”, – deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki